Azərbaycan, Bakı, 04 may / Trend , müxbir S.Əliyev /
Naxçıvan Avtomobil Zavodu yaxın vaxtlarda Azərbaycanda Çin istehsalı olan "Lifan" avtomobillərini buraxmağa başlayacaq. Bu barədə bazar ertəsi müəssisənin direktoru Musa Abdullayev bildirib.
"Yaxın vaxtlarda Çin şirkəti ilə müqavilə bağlanacaq. Müqavilənin bağlandığı müddətdən iki ay yarım sonra Azərbaycana Naxçıvan Avtomobil Zavodunda yığılacaq 108 komplekt avtomobil gətiriləcək", - deyə Abdullayev bildirib.
Yaxın vaxtlarda məhsulun yığılması üçün avadanlıqların sazlama işlərini aparacaq Çin mütəxəssisləri müəssisəyə gələcək.
Müəssisədə Lifan-NAZ brendi altında dörd motifikasiyalı avtomobil yığılacaq: Lifan-320, Lifan-520 (sedan və hetçbek) və Lifan-620 modelləri (Çində yenicə istehsalına başlanan avtomobil). Avtomobillərin əsas satış bazarı Azərbaycan olacaq.
Abdullayev əlavə edib ki, avtomobillərin servis xidməti üçün respublikanın bütün ərazisində lazımi şərait yaradılacaq.
Naxçıvan Avtomobil Zavodunun istehsal gücü ildə təqribən 1,5 min avtomobil təşkil edir. Yaxın vaxtlarda Azərbaycanda "Lifan" şirkətinin rəsmi nümayəndəliyi açılacaq.