Azərbaycan, Bakı, 06 avqust / Trend /
Bakı Fond Birjasının səhmdarlarının və üzvlərinin tərkibində dəyişiklik baş verib. "AGBank" ASC Bakı Fond Birjasının səhmdarları və üzvləri sırasından çıxıb və onun yerinə "Caspian Financial" MMC şirkəti daxil olub. Hazırda birjanın 18 səhmdarı var.
"Caspian Financial" şirkəti 51 faiz səhm payına malik investisiya şirkəti, Kazimir Partners (Böyük Britaniya) və 49 faiz səhm payına malik AGBank tərəfindən təsis olunub. Şirkət daxili və xarici qiymətli kağızlar bazarında broker xidmətləri, "investment banking" və aktivlərin idarə olunması xidmətlərini göstərmək məqsədilə yaradılıb.
Qeyd edək ki, "Caspian Financial" MMC şirkəti 14 may 2009-cu il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Kazimir Investment Caspian Fund AGBank kapitalında səhmlərin 10 faizinə sahibdir.