Azərbaycan, Bakı, 27 avqust / Trend /
Azərbaycanın ən cavan və dinamik templərlə inkişaf edən "Qarant Sığorta" şirkəti "Qarant Sığorta Agenti" MMC-nin yaradılması üçün Maliyyə Nazirliyinin lisenziyasını əldə edib.
"Qarant Sığorta Agenti" MMC-nin unikallığı ondan ibarətdir ki, hazırda Azərbaycanın sığorta bazarında analoji şirkət mövcud deyil. "Qarant Sığorta" novatorluq prinsiplərinə sadiq qalaraq Azərbaycanın sığorta bazarına yeni məhsulları və xidmətləri təqdim etməkdə davam edir.
"Qarant Sığorta Agenti" MMC-nin əsas məqsədi ölkəmizin gənc nəsli üçün sığorta sahəsində uğurlu karyeranın qurulması naminə imkanların yaradılmasından ibarətdir.
Xatırladaq ki, "Qarant Sığorta" bu ilin iyun ayında "Ən yaxşı agent" kampaniyası çərçivəsində Azərbaycanın ən cavan və dinamik templərlə inkişaf edən şirkətində işləmək arzusunda olanlar gənclər üçün şərait yaradıb.
"Gələcəyini sığortala! "Qarant Sığorta"-da uğurlu karyeraya başla" şüarı altında keçirilən kampaniya çərçivəsində ölkənin aparıcı telekanallarında reklam çarxları yayımlanıb, paytaxtın metrostansiyalarında posterlər yerləşdirilib, 20 min mobil rabitə abonentinə SMS göndərilib və www.qarant.az saytında xüsusi banner yerləşdirilib.
Bununla yanaşı, "Qarant Sığorta" şirkətinin əməkdaşları tərəfindən Azərbaycanın aparıcı ali təhsil ocaqlarının tələbələri ilə "Gələcəyini Sığortala" mövzusunda seminarlar keçirilib.
Kampaniya nəticəsində 500 nəfərə yaxın gənc xüsusi anketləri dolduraraq, şirkətin sığorta agenti olmaq arzusunu bildirib.
Hazırda 200 nəfərə yaxın gənc sığorta işi sahəsində təlimlər keçir, gələcəkdə isə onlar "Qarant Sığorta Agenti" MMC-nin ştat əməkdaşı olmaq imkanını qazanacaqlar.
2008-ci ilin əvvəlində faktiki fəaliyyətə başlamış və Azərbaycanın sığorta bazarında korporativ sosial məsuliyyət mədəniyyətini tətbiq etmiş ilk şirkət olan "Qarant Sığorta" bu siyasət çərçivəsində Azərbaycanın inkişafı istiqamətində bir sıra iri layihələr reallaşdırır.