...

Azərbaycanın sığorta şirkəti avtomobilin yarı qiymətə sığortalanmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 15:51 (UTC +04:00)
Azərbaycanın böyük sığorta şirkətlərindən olan "Qarant Sığorta" fərdi müştərilər üçün yeni məhsulunu təqdim edib. Cümə günü şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov mətbuat konfransında deyib ki, "Qarant Avto" ümumi sığorta məbləğinin yarı qiymətinə təklif olunur.
Azərbaycanın sığorta şirkəti avtomobilin yarı qiymətə sığortalanmasını təklif edir

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın böyük sığorta şirkətlərindən olan "Qarant Sığorta" fərdi müştərilər üçün yeni məhsulunu təqdim edib. Cümə günü şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov mətbuat konfransında deyib ki, "Qarant Avto" ümumi sığorta məbləğinin yarı qiymətinə təklif olunur.

O deyib ki, "Qarant Avto" məhsulunun Azərbaycan sığorta bazarında analoqu yoxdur və onun unikallığı ondadır ki, müştərilər öz avtomobillərini yarı qiymət ödəməklə risklərdən sığortalaya biləcəklər.

Onun sözlərinə görə, sığorta zamanı sığorta etdirən sığorta haqqının 50 faizini ödəyəcək, qalan hissəsini isə sığorta hadisəsi baş verən zaman şirkətdən ödəniş alarkən ödəyəcək.

Həsənov deyib ki, əgər sığorta müddəti ərzində sığorta etdirən heç bir hadisə törətməzsə, sığorta haqqının 50 faizini ödəməkdən azad olur.

Həsənov həmçinin onu da deyib ki, "Qarant Avto" məhsuluna qədər şirkət sorğular keçirib. "Bu sorğuların nəticələrinə görə, Azərbaycan vətəndaşları birmənalı olaraq avtomobillərini sığortalamaq istəyirlər. Bəzi hallarda müştərilər sığorta haqqını birdəfəyə ödəməmək üçün avtomobillərini sığortalamaq istəmirdilər", - o bildirib.

"Bu faktları nəzərə alaraq biz, cəmiyyətdə rezonans yaradacaq bir məhsul hazırladıq", - İdarə Heyətinin sədri deyib.

Onun sözlərinə görə, "Qarant Avto" məhsulunu almaqla sığorta etdirən növbəti üstünlükləri əldə edəcək - avtomobilin dəyərinin və ya yol nəqliyyat hadisəsi zamanı dəyən xəsarətin ödənilməsi, oğurluq, yanğın, ildırım vurması, partlayış və təbii fəlakətdən sığorta.

"Sadalanan bütün bu sığorta risklərini yarı qiymətə əldə etmək olacaq", - Həsənov deyib.

"Qarant Sığorta" şirkəti sığorta fəaliyyəti ilə məşğul olmaq üçün 2007-ci ildə Azərbaycan Maliyyə Nazirliyindən lisenziya alıb. "Qarant Sığorta" "ZQAN Holdinq"in tərkibinə daxildir. Şirkətin nizamnamə kapitalı dörd milyon manat təşkil edir. Şirkət 18 könüllü və dörd icbari sığorta növü üzrə xidmət göstərir. Yanvar-avqust ayları ərzində şirkətin sığorta haqqı yığımı 1,96 milyon manat, ödəniş məbləği isə 0,13 milyon manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti