Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak bazarında 570 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
Monitorinqlər Bakının Nizami və Binəqədi rayonlarında, Gəncə, Sumqayıt və Quba şəhərlərində aparılıb.
Ticarət obyektlərində satışdan kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 51 hüquqi şəxsə 194,6 min manat, 507 fiziki şəxsə 757,3 min manat cərimə tətbiq olunub.
Monitorinqlər davam edir.
Oktyabrın 22-nə olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].