Azərbaycan, Bakı, 10 mart / Trend /
Azərbaycan Vergilər Nazirliyi tərəfindən aparılan operativ nəzarət tədbirləri nəticəsində 2010-cu ilin fevral ayı ərzində 1120 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir. Yanvarda isə 1496 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmişdi.
Araşdırma dövrü ərzində 521 vergiödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 174 vergiödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib.
Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 110 (82) vergiödəyicisi aşkar edilib, 284 (221) vergiödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə razılıq olmadan məşgul olması faktları müəyyən edilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 41 (24) vergiödəyicisində 44 (24) nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 77 (146) vergiödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədi ilə keçirilən tədbirlər zamanı isə 19 (16) vergiödəyicisində 356,52 manat (9468,22 manat) dəyərində 404 (1406) ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.
Martın 10-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.