Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova/
Fevralda Azərbaycanda yaşayış minimumu adambaşına 148,8 manat təşkil edib. Bu barədə "İqtisadi Araşdırmalar Mərkəzi" QHT-nin cümə axşamı yaydığı məlumatda bildirilir.
Əhalinin əməkqabiliyyətli hissəsi üçün istehlak səbətinin dəyəri 140,14 manat, pensiyaçılar üçün 127,16 manat, 14 yaşınadək uşaqlar üçün 178,67 manat təşkil edib.
Ötən ay əmək qabiliyyəti olan hər adam ərzaq mallarının alınmasına minimum 79,37 manat, pensiyaçılar 73,25 manat sərf edib. 14 yaşınadək olan uşaqların xərci isə 89,79 manat olub.
Ay ərzində əhalinin əməkqabiliyyətli hissəsinin qeyri-ərzaq mallarının alınması üçün xərcləri 35,33 manat, pensiyaçılar - 31,53 manat, 14 yaşınadək olan uşaqlar - 71,32 manat təşkil edib. Xidmət xərcləri müvafiq olaraq 25,3 manat, 22,38 manat və 17,56 manat olub.
2010-cu ildə Azərbaycanda yaşayış minimumu əhalinin əməkqabiliyyətli hissəsi üçün 87 manat, pensiyaçılar üçün 58 manat, uşaqlar üçün 72 manat səviyyəsində müəyyən edilib.
"İqtisadi Araşdırmalar Mərkəzi" QHT-nin ekspertlərinin hesablamalarına görə, Azərbaycanın dörd nəfərdən ibarət hər ailəsi Novruz bayramı ilə əlaqədar minimum 108 manat (şirniyyat, meyvə, içki, yemək və s. alınması üçün) xərcləyəcək.
2010-cu ilin martında 2009-cu ilin analoji dövrü ilə müqayisədə qarğıdalı yağının qiyməti 95,39 faiz, günəbaxan yağı - 13,79 faiz, soğan - 79,08 faiz, kartof - 55,58 faiz, fındıq - 46,72 faiz, göyərti - 36,3 faiz, qoz - 29,83 faiz, şabalıd - 25,66 faiz, şəkər tozu - 25,38 faiz, qənd - 18,19 faiz, toyuq yumurtası - 11,68 faiz artıb.
İl ərzində armud 19,12 faiz, alma - 15,79 faiz, qara və yaşıl çay - 15,2 faiz, kələm - 12,65 faiz, meyvə şirəsi - 7,21 ucuzlaşıb.
Martın 19-na olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.