Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.İsmayılova/
Cümə axşamı Dünya Bankı Azərbaycanda həyat şəraitinin yaxşılaşmasını təhlil edən hesabatı təqdim edib. Sənəd ölkədə yoxsulluğun səviyyəsinin qiymətləndirilməsi sahəsində bank işinin bir hissəsidir və Azərbaycan hökumətinin dəstəyi ilə hazırlanıb.
"Biz Azərbaycanda iqtisadi artımı təhlil etmək və onun ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına necə təsir göstərdiyini müəyyən etmək istədik", - DB-nin Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yeceyçak bildirib.
Onun sözlərinə görə, hesabat artıq ölkə hökumətinə təqdim olunub.
"Əsas məqsədimiz ölkənin gələcək iqtisadiyyatının düzgün planlaşdırılması idi və nəticələr göstərdi ki, neft sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın diversifikasiyasına yönəldlməsinə ehtiyac var; bundan ötrü isə insan kapitalının inkişafına investisiya qoyuluşuna başlamaq lazımdır", - Yeceyçak deyib.
Onun sözlərinə görə, ölkədə insan kapitalının inkişafı əhalinin yüksək ixtisasa malik hissəsinin artırılmasını nəzərdə tutur ki, bu da təhsil sahəsinə investisiya qoyuluşunu tələb edir.
DB-nin baş iqtisadçısı Lire Ersadonun sözlərinə görə, 2001-2008-ci illərdə ölkədə yoxsulluğun xeyli, təxminən, 50-dən 13-dək azalması müşahidə olunub.
"Azərbaycan 2006-cı ildə ünvanlı sosial yardım proqramının reallaşmasına başlayıb ki, bu, hətta inkişaf etmiş ölkələrlə müqayisədə çox yaxşı nəticə verib", - Ersado deyib.
Onun sözlərinə görə, "Ölkədə 2,5 milyona yaxın adam yoxsulluq kateqoriyasından orta gəlirə malik əhali kateqoriyasına keçib. Bu, çox ciddi və yaxşı nəticədir".