Azərbaycan, Bakı, 13 may /Trend/
Bakı Fond Birjasına (BFB) "Amrahbank" ASC-nin sadə adsız sənədsiz səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqinə daxil edilməsi barədə müraciət daxil olub. Bu barədə birjanın cümə axşamı yaydığı məlumatda deyilir.
Mayın 17-dən Amrahbank-ın 1,74 milyon manat həcmində qeydiyyata alınmış səhmlərinin yerləşdirilməsinə başlanacaq.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 17 404 səhm buraxılıb. Bankın qiymətli kağızlarının yerləşdirilməsinin anderrayteri "Chelsea Capital" MMC təyin edilib.
Emissiya prospektinə görə, yerləşdirmə BFB-də açıq abunə metodu ilə keçiriləcək.
Səhmləri əldə etmək istətyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər.
Bankın səhmlərinin 49 faizi Bəhreyndə Beynəlxalq İnvestsiya Bankına məxsusdur.
2009-cu ilin sonuna olan vəziyyətə görə, bankın birgə aktivləri 63,2 faiz artaraq 100 milyon manat təşkil edib.
"Amrahbank" Azərbaycanın aparıcı banklarından biridir. Bankın nizamnamə kapitalının həcmi 12 milyon manatı ötür.
Mayın 13-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.