...

Azərbaycanda "Avro-2" standartının tətbiqi ekologiyanın qorunması və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır - Dövlət Gömrük Komitəsinin sədri (Müsahibə)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 11:10 (UTC +04:00)
Strasburqda olan Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin Trend-ə eksklüziv müsahibəsi
Azərbaycanda "Avro-2" standartının tətbiqi ekologiyanın qorunması və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır - Dövlət Gömrük Komitəsinin sədri (Müsahibə)

Fransa, Strasburq, 22 iyun /Trend, müxbirlər A.Məhərrəmli, Ü.İsmayılova/

Strasburqda olan Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin Trend-ə eksklüziv müsahibəsi

Dövlət Gömrük Komitəsi Strasburqda "Azərbaycanda mədəni rəngarənglik" adı ilə mədəni irsin nümunələri sərgisini təşkil edib. Sərgi Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində keçirilib.

Azərbaycanın Nazirlər Kabineti martda ölkədə dövriyyəyə buraxılan avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr üzrə Avropa standartlarının tələblərinə uyğun tədbirlərin keçirilməsi ilə bağlı qanun qəbul edib. Cari ilin iyulun 1-dən etibarən, Azərbaycan hökumətinin qərarı əsasında, Azərbaycan "Avro-2" ekoloji standartlarına keçir. Bu qərarla ölkədə dövriyyəyə buraxılan avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr üzrə Avropa standartlarının tələblərinə uyğun fəaliyyət planı təsdiq edilib.

- Azərbaycanda yeni ekoloji standartların tətbiqi nəticəsində hansı məhdudiyyətər tətbiq olunacaq?

- Cari ilin iyulun 1-dən etibarən, Azərbaycan hökumətinin qərarı əsasında, Azərbaycan "Avro-2" ekoloji standartlarına keçir. Bu o deməkdir ki, ölkəyə gətirilən avtomobillərin keyfiyyət standartları gömrükdə yoxlanılacaq. İstər nəqliyyat vasitələrinin və yolların təhlükəsizliyi, istərsə də ilk növbədə, ekologiyanın, ətraf mühitin qorunması baxımından "Avro-2" standartlarının tətbiqi zəruridir. Bu həm də istifadə olunacaq yanacağın, ümumiyyətlə, maşınların özünün quruluşunun "Avro-2" standartlarına uyğunlaşdırılması deməkdir. Bununla bağlı tətbiq olunacaq məhdudiyyətlərə gəldikdə, qeyd edim ki, biz ölkələr üzrə maşınların buraxılış ilini götürürük. Burada əsas diqqət ona yetiriləcək ki, maşınların buraxılış ilinə və onların ölkəyə idxalına icazə verilsin.

Maşınların növləri üzrə məhdudiyyət olmayacaq. Bura maşının isitsmar vəziyyəti və s. daxil edilə bilər. Şübhə doğuran maşınlar isə buraxılış illərinə görə deyil, zərurət olduğu halda, diaqnostikaya aparılacaq.

- Sizin fikrinizcə, "Avro-2" standartlarının tətbiqi Azərbaycanda avtomobillərin idxalında azalmaya səbəb olacaq?

- 2008-ci ilədək ölkəyə maşınların idxalı kəskin surətdə artıb. Bununla yanaşı, cari ilin yanvar-martında ölkəyə maşınların idxalında az da olsa, artım var. Bu, təqribən, 3-4 faiz təşkil edir. Sevindirici haldır ki, Azərbaycana maşınların idxalının azalmasının qarşısı alınıb. Belə ki, avtomobil vasitələri vergiyə cəlb olunur, bu isə büdcənin zənginləşməsi baxımından bizim üçün əhəmiyyətlidir.

- Yeni "Avro-2" standartının tətbiqi nəticəsində, gömrük rüsumlarının dəyərində dəyişikliklər gözlənilirmi?

- Yeni standartların tətbiqi ilə əlaqədar gömrük rüsumlarının həcminin dəyişdirilməsinə növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı baxılır. Ona görə bu məsələyə payızda - 2011-ci ilin büdcəsinin müzakirəsi zamanı baxıla bilər.

Xəbər lenti

Xəbər lenti