Azərbaycan, Bakı, 30 iyun /Trend/
İyunun 29-da "Azərbaycanda Torpaq Kadastr Sisteminin Təkmilləşdirilməsi Layihəsi" çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə qrant razılaşması əsasında həyata keçirilən keçirilən ilkin brifinq iclası keçirilib. Bu barədə KOICA-nın Bakı nümayəndəliyinin məlumatında deyilir.
23 İyun 2009-cu il tarixində iki hökümət arasında imzalanan qrant razılaşmasına əsasən Koreya hökumətini təmsil edərək KOICA Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzdində Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində (DTKMEİM) kadastr sisteminin yaradılması üçün 1,5 milyon ABŞ dolları dəyərində maddi vəsait təmin edib.
Koreya Kadastr Araşdırma Korporasiyası (KCSC) KOICA layihəsini icra edən təşkilat olaraq seçilib və 2009-cu ilin sentyabrından etibarən Bakıya 3 ay müddətinə kadastr üzrə dörd ekspert ezam edərək səmərəli torpaq qeydiyyatı planları barədə konsaltinq həyata keçirib. 2010-cu ilin fevralından KCSC 9 topoqraf ezam edib və pilot ərazi olan Xəzər rayonunun Zirə qəsəbəsində (1 000 ha-ya yaxın) ərazi ölçmə işlərini tamamlayıb. 16 Mart 2010-cu il tarixdə KCSC həmçinin Zirə qəsəbəsində RTK-GPS və "total station" vasitəsilə sərhəd ölçmə işlərinin tamamlanmasından sonra GPS dirəyi quraşdırıb.
Bundan başqa, 1 İyun 2010-cu il tarixdə aero-foto qrammetriya tamamlanıb və ortofoto xəritəsi hazırlanıb. Bina, yol, elektron kabel, qaz xətti və s. kimi qurğular üzərində stereo-fotoqrammetrik kompilyasiya hazırda davam etdirilir. Stereo-fotoqrammetrik kompilyasiya tamamlandıqda KCSC rəqəmsal kadastr xəritəsi və rəqəmsal topoqrafik xəritə hazırlayacaq. Son olaraq bunlar ərazi ölçmə işlərinin nəticələri ilə birləşdirilərək ərazi qeydiyyat sisteminin təməl məlumatı tamamlanacaq.
Nəticədə, layihə bu ilin ikinci yarısında avadanlıq və proqram da daxil olmaqla, torpaq qeydiyyat sistemi KOICA tərəfindən DTKMEİM-də quraşdırıldıqda başa çatacaq, araşdırma və mülkiyyətlə ilə əlaqədar bütün məlumatlar orada qeyd olunacaq.
"Bu, həqiqi torpaq qeydiyyatı nəticələri hələ də cüzi olan Azərbaycanın kadastr sisteminin inkişafına töhfə verəcək", - məlumatda deyilir.