...

Qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli olduğunu göstərir – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 05:00 (UTC +04:00)
Bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir. O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq, bunu Prezident İlham Əliyev çərşənbə axşamı Nazirlər Kabinetində 2010-cu ilin altı ayının yekunlarına həsr edilən müşavirədə çıxışı zamanı bildirib.
Qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli olduğunu göstərir – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Prezidentin yekun nitqi əlavə olunub

Bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir. O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq, bunu Prezident İlham Əliyev çərşənbə axşamı Nazirlər Kabinetində 2010-cu ilin altı ayının yekunlarına həsr edilən müşavirədə çıxışı zamanı bildirib.

"Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq"İlham Əliyev deyib, məlumatı AzərTAcDövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan növbəti illərdə bu meyilləri gücləndirməlidir.

"Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın. Digər iqtisadi göstəricilər də ümumiyyətlə, müsbət mənzərədən xəbər verir. İnflyasiya 4,9 faiz təşkil etmişdir. Bu, normal rəqəmdir. Əhalinin pul gəlirləri isə 9 faiz artmışdır. Bu, onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini də qabaqlayır. Deyə bilərəm ki, Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır" Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir.

"Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır. Bu, Azərbaycan xalqının sərvətidir. Bildiyiniz kimi, Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir" İlham Əliyev söyləyib.

Prezidentin bildirdiyinə görə, əlbəttə ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır.

"Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir.
Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi" dövlət başçısı nitqində deyib.
 
Prezidentin sözlərinə görə, bu gün maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır.

"Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini göstərir. Dövlət şirkətləri müasir sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur. Biz bu prosesləri dəstəkləyirik və strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində olan bütün şirkətlər beynəlxalq səviyyəli şirkətlər kimi fəaliyyət göstərsinlər. Onların dövlətə məxsus olduğu o demək deyil ki, onlar dövlət tərəfindən idarə olunmalıdır, yaxud da hansısa başqa yolla idarə olunmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri geniş tətbiq olunub və dövlət mülkiyyətində strateji əhəmiyyət daşıyan şirkətlər kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər, beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq bazarlarda investisiya layihələrini davam etdirməlidirlər.
Bir sözlə, iqtisadi inkişafı göstərən və müəyyən edən əsas göstəricilər müsbətdir, inkişaf təmin olunur və əminəm ki, Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər ərzində davam edəcəkdir" dövlət başçısı deyib.
 
İlham Əliyev bildirib ki, Azərbaycan həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur.

"Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq və bu barədə bu gün danışacağıq. Bütün sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı - xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqları - hər bir sahədə konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.
Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər.
Ancaq o da həqiqətdir ki, bizim bütün bölgələrimiz dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin. Yəqin ki, bu təbiidir. Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin.
Dövlət, əlbəttə ki, bu subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfrastruktur layihələrinin keçirilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bu məqsədi güdür. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var və proqram da çox müfəssəldir. Elə etməliyik ki, növbəti illərdə bölgələrin milli gəliri, ümumi daxili məhsul (ÜDM) daha da artsın. Baxmayaraq ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3 dəfə, 4 dəfə artmışdır, yenə də hələ ki, ehtiyatlar böyükdür. Biz bu ehtiyatlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik" Prezident qeyd edib.
 
Prezident bu il Azərbaycanda altı ayda 36 min yeni iş yerlərinin açıldığını da vurğulayıb.

"Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram - regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir. Düzdür, bəzi iş yerləri bağlanır, ancaq, bu, əlbəttə ki, təbii prosesdir. Hansısa şirkət fəaliyyət göstərir, sonra fəaliyyətini dayandırır. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır.
Bu gün biz idxalı əvəzləyən məhsulların istehsalına çox böyük diqqət veririk. Bu gün biz ərzaq məhsulları ilə bağlı demək olar ki, əsas vacib məsələləri həll etmişik. Həll olunmamış məsələlər də öz həllini tapacaq və beləliklə, bir daha demək istəyirəm ki, ölkəmizin hərtərəfli inkişafı təmin ediləcəkdir.
Neft-qaz sektorunda bütün işlər plan üzrə gedir. Nəzərdə tutulmuş hasilat səviyyəsi təmin ediləcəkdir. Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilibdir. Bilirsiniz ki, bu hasilatın böyük əksəriyyəti ixrac edilir, Azərbaycana valyuta axını gəlməyə davam edir. Hesab edirəm ki, bu sahədə hasilatla bağlı işlər lazımi səviyyədə qurulub. Biz əlbəttə ki, hər bir sahədə olduğu kimi bu sahədəki siyasətimizə vaxtaşırı düzəlişlər edirik. Mən hesab edirəm ki, hazırkı hasilatın səviyyəsi bizi qane edir. Ancaq gələcəkdə əlbəttə ki, müxtəlif amilləri nəzərə alaraq, biz hasilatı artıra da bilərik, azalda da bilərik. Elə etməliyik ki, biz öz təbii ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə edək. Nəzərə alsaq ki, bizim təbii resurslarımıza dünyada və Avropada böyük ehtiyac var, ola bilər, hansısa əlavə tədbirin görülməsi nəticəsində biz qısa müddət ərzində hasilatı artıra da bilərik. Yəni ki, bu işlər bizim əlimizdədir, bizdən asılıdır və biz hasilatı istədiyimiz formada tənzimləyə bilərik.
Digər sahələrdə inkişaf müsbət təəssürat yaradır. Azərbaycanın iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu ildə böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bu onu göstərir ki, bizim apardığımız islahatlar çox uğurludur. Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik" İlham Əliyev nitqində söyləyib.

Prezident yekin nitqində deyib ki, ilin sonuna qədər bütün nəzərdə tutulmuş məsələlər öz həllini tapmalıdır.

"Yenə də demək istəyirəm ki, biz öz işimizi proqram əsasında qururuq və ilin əvvəlindən bu günə qədər proqram üzrə işləmişik. Ancaq bu yaxınlarda büdcəyə dəyişiklik edilməsi nəticəsində yeni vəzifələr meydana çıxıb. Bu vəzifələri operativ şəkildə həll etmək üçün əlbəttə ki, bütün qurumlar daha da fəal işləməlidirlər. Çünki ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına əlavə 1 milyard yarım manat vəsait qoyulmalıdır. Biz çalışmalıyıq ki, bu vəsaitdən maksimum səmərə ilə istifadə edək ki, Azərbaycanda ilin sonuna qədər daha da böyük həcmdə işlərin görülməsinə nail olaq.
Bu vəsaitin bir hissəsi qeyd etdiyim kimi hərbi potensialımızın gücləndirilməsinə xərclənəcəkdir, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanda biz böyük təbii fəlakətlə üzləşmişdik. Sel və daşqınlar demək olar ki, böyük əraziləri məhv etmişdi, subasma halları baş vermişdi və bu barədə bu gün danışıldı. Mən hesab edirəm ki, bizim müvafiq qurumlar çox böyük məharətlə və peşəkarlıqla işlədilər. Mən bilavasitə bu məsələlərə rəhbərlik edirdim və gündəlik formatda məlumatlar gəlirdi, özüm şəxsən vəziyyətlə tanış olmuşdum. Deyə bilərəm ki, bütün qurumlar çox yaxşı işlədilər, gecə-gündüz bu təbii fəlakətin aradan qaldırılması üçün çox böyük işlər gördük. Həm dövlət qurumları, həm özəl sektor və onu da demək istəyirəm ki, özəl sektoru təmsil edən şirkətlər, onların böyük əksəriyyəti təmənnasız işlədilər. Yəni bu, həqiqətən bir həmrəylik nümunəsi idi.
Əlbəttə ki, Azərbaycan dövləti bütün bu işləri öz üzərinə götürübdür. Bizə müxtəlif ölkələrdən bu münasibətlə yardım göstərmək istəyən zənglər olmuşdur, müxtəlif ölkələrdən, dost ölkələrdən yardımlar təklif edilmişdir. Biz bütün bu təşəbbüslərdə olan insanlara, ölkələrə öz minnətdarlığımızı bildirmək istəyirik. Ancaq onu demək istəyirəm ki, bütün fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bənd bərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik.
Həm xilasetmə xidməti, həm səhiyyə nümayəndələri, təhsilin nümayəndələri, suyun idarə olunması ilə bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri - biz hamımız çox səmərəli işlədik. Ən önəmli məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi. İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl o təhlükəyə məruz qala biləcək bölgələrdən köçürüldü, onların müvəqqəti yaşayışı təmin edildi, ərzaq məsələləri, səhiyyə məsələləri, yəni biz bütün bu işlərə operativ şəkildə qoşulduq və maksimum nəticəni də əldə edə bildik.
Biz onu da bilirik ki, bu il dünyada, həm Avropada, həm Amerikada, Asiyada, bütün bölgələrdə təbii fəlakətlər mövcud idi. Böyük insan itkisi ilə müşahidə olunan bu hadisələr əlbəttə ki, bütün dünyanı sarsıtdı. Biz televiziya vasitəsilə görürdük ki, müxtəlif ölkələrdə hansı hadisələr baş verir. Onu deyə bilərəm, böyük nailiyyətimizdir ki, biz bu məsələlərlə bağlı bütün işləri itkisiz gördük. Beləliklə hesab edirəm ki, minimum itkilərlə bu vəziyyətdən çıxdıq.
Ancaq bununla bərabər bu hadisələr bizim iqtisadiyyatımıza çox böyük ziyan vurmuşdur, insanların əmlakı dağıdılmışdır, minlərlə ev, minlərlə hektar torpaq su altında qalmışdır. Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilibdir. Biz ilk növbədə, dağılmış evləri qısa müddət ərzində bərpa etməliyik. Azərbaycan dövləti bu işi öz üzərinə götürür. Bu da, deyə bilərəm ki, dünyada çox nadir olan bir haldır. Başqa ölkələrdə evlər sığortalanıb və dövlət demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materiallardan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik. Çalışmalıyıq ki, qış gələnə qədər işlərin tam əksəriyyəti görülsün və insanlar normal evlərə köçürülsünlər" dövlət başçısı deyib.
 
Prezident vurğulayıb ki, bununla bərabər, bütün texniki məsələlər də həll olunmalıdır, bəndbərkitmə işləri də aparılmalıdır, bütün texniki qurğular saz vəziyyətə gətirilməlidir.
"Yəni, bu, böyük proqramdır və fəlakət baş verəndən sonra keçirdiyim müşavirələrdə mən bu barədə öz fikirlərimi bildirdim ki, biz kompleks tədbirlərin görülməsinə nail olmalıyıq. Kompleks tədbirlər planı hazırlanıb və biz qısa müddət ərzində bütün bu işləri görəcəyik.
Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar.
Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşmüşdür. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır. Bu insanlara dövlət öz qayğısını göstərməlidir və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı və pensiyanın qaldırılması sosial müdafiə işlərində çox mühüm addım olacaqdır.
Bütün sosial obyektlərin tikintisi davam etməlidir. İlin sonuna qədər səhiyyə, təhsil, idman, mədəniyyət sahələrində infrastruktur layihələri davam etdiriləcək, vəsait var və bu işlər sürətləndirilməlidir. Sahibkarlığa Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir. Bu gün burada məlumat verildi ki, artıq ilin əvvəlindən müəyyən məbləğlər verilibdir, ancaq əsas məbləğ hələ ki, bölünməmiş qalır. Hesab edirəm ki, üçüncü rübdə kreditlərin əksəriyyəti verilməlidir ki, heç olmasa ilin sonuna qədər sahibkarlar bu il onlardan istifadə edə bilsinlər. Bu proqram artıq bir neçə ildir ki, aparılır və bu, çox səmərəli təşəbbüsdür. Artıq verilən kreditlərin məbləği qayıdır və o qayıdan məbləğ yenidən işə salınır və beləliklə, biz böyük bir məbləği əldə etmişik. Bu il 100 milyon manatdan çox kreditlər veriləcəkdir. Gələn il yəqin ki, bu məbləğ artacaqdır. Əsas odur ki, konkret, real layihələr, yəni ciddi layihələr təqdim olunsun və onlar tezliklə, keyfiyyətlə icra olunsun.
Xüsusilə nəzərə alsaq ki, Azərbaycan dövləti ölkəmizin inkişafı üçün lazım olan sahələri müəyyən edib və biz sahibkarlara da tövsiyə edirik ki, onlar hansı sahələrdə bu kreditlərdən istifadə etsinlər. Xüsusilə, bildiyiniz kimi, bu il biz sahibkarları daha çox soyuducu anbarların və taxıl anbarlarının tikintisinə yönəltmişik. Demək olar ki, qısa müddət ərzində hər bir bölgədə müasir soyuducu kameralar tikilibdir. Hələ ki, bu kameraların tikintisinə böyük ehtiyac var. Hesab edirəm ki, biz bu il və gələn il bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Bu kreditlər də çox yaxşı işləyir və bölgələrdə kənd təsərrüfatı, emal sənayesi, turizm sahələrində aparılan işlərin çox önəmli hissəsi bu kreditlər hesabına baş verir. Beləliklə, kreditlərin verilməsi prosesi daha da sürətlə aparılmalıdır" dövlət başçısı qeyd edib.
 
İlham Əliyev bildirib ki, bu il Azərbaycanda "Ekologiya ili" elan edilibdir və çox şaddır ki, ilin birinci yarısında bu sahədə görülən tədbirlər öz nəticəsini verir.
"Artıq Azərbaycanda bu il bir neçə milyon ağac əkilibdir. Təkcə Bakı və Abşeron yarımadasında 800 min ağac əkilibdir və bu proses payızda davam etdiriləcəkdir. Beləliklə qarşımıza qoyduğumuz vəzifə icra olunacaqdır.
Ancaq bununla bərabər bu tədbirləri biz ancaq "Ekologiya ili"ndə görməməliyik. Bu, daimi proses olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu ay biz artıq Avro-2 standartına keçdik. Bu da hesab edirəm ki, çox vacib və əlamətdar hadisədir. Bu, birinci addımdır, bu, bizim bu məsələyə nə qədər ciddi yanaşmağımızı göstərir. Ancaq bu addımdan sonra əlavə başqa addımlar da atılmalıdır. Yəni Avro-2 bizim son hədəfimiz deyil, ondan sonra Avro-3, Avro-4, Avro-5 var, yəni görülən bütün işlər bu istiqamətə yönəldilməlidir. Avro-2 standartlarına keçid artıq çox ciddi bir addımdır, yəni birinci addımdır.
Bakıda bildiyiniz kimi, məişət tullantıları zavodu tikilir. Balaxanı poliqonunda görülən işlər artıq ekoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıbdır. Artıq o bölgədən ənənəvi tüstülər qalxmır. Hamımız yaxşı xatırlayırıq ki, vaxtilə oradan qalxan tüstülər bütün şəhəri bürüyürdü və insanların sağlamlığına böyük ziyan idi. Artıq bu məsələ də öz həllini tapıbdır. Yəni, bu, onu göstərir ki, ciddi yanaşma olan halda və konkret tədbirlər görüldüyü halda hər bir məsələ öz həllini tapa bilər. Bəziləri hesab edirdi ki, Balaxanı poliqonu elə orada bizə əbədi problem yaradacaq, bunun qabağını almaq heç cür mümkün deyil və bu, böyük bir fəlakətdir, orada yığılan tullantılar elə yavaş-yavaş yanacaq və tüstü şəhəri bürüyəcəkdir. Amma biz göstərdik ki, əgər iradə varsa və ciddi yanaşma varsa, hər şeyi etmək mümkündür. Beləliklə, ekoloji vəziyyətin, xüsusilə Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bu tədbirin görülməsi xüsusi əhəmiyyət daşıyır.
Bununla bərabər bütün bölgələrdə təmizləyici qurğular, içməli suyun verilməsi, kanalizasiya qurulması prosesi davam etməlidir. Yəni bu məsələ daim diqqət mərkəzindədir. Bəzi rayonlarda işlər başlanıb, bəzi rayonlarda hələ ki yox. Hesab edirəm ki, bu sahədə istədiyimizə nail ola bilməmişik. Uzun illərdir ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparır. Danışıqlar 5 ildən çoxdur aparılır. Birinci dəfə bu məsələni mən 5 il bundan əvvəl qaldırmışdım ki, Azərbaycanda kanalizasiya və içməli su məsələləri öz həllini tapmalıdır. Azərbaycan dövləti hazır idi, biz hazır idik ki, qısa müddət ərzində vəsaiti ayıraq və bu məsələ həll olunsun. Ancaq bürokratiya, bəzi hallarda səriştəsizlik, bəzi hallarda beynəlxalq təşkilatlarla aparılan danışıqlarda süründürməçiliyə yol vermə halları bizi ciddi narahat edir. Bu, bizim üçün bu gün əsas məsələdir. Çünki elektrik enerjisi, qazlaşdırma, insanları narahat edən digər məsələlərdə biz böyük irəliləyişə nail ola bildik. Amma hələ ki, içməli su, kanalizasiya məsələləri bizim üçün ən ağır sahədir.
Hesab edirəm ki, qısa müddət ərzində bu sahədə də ciddi tədbirlər görülməlidir. Birinci addımlar atılır və artıq təklif verilmişdir ki, rayon icra hakimiyyətləri bu işlərə qoşulsunlar. Azərbaycan dövləti vəsait ayıracaqdır ki, yerlərdə onlar bu işləri özləri görsünlər. Bir halda ki, bu sahədə bizim planlarımız hələ ki, həyatda öz əksini tapmır. Bu məsələ öz həllini təcili surətdə tapmalıdır və qısa müddət ərzində bütün rayon mərkəzlərində, o cümlədən Bakıda içməli su, kanalizasiya sistemi yaradılmalıdır. Bakıda müəyyən işlər görülübdür, daha da böyük işlər görülməlidir. Elə etməliyik ki, Azərbaycan vətəndaşları hər bir yerdə, ölkəmizin istənilən nöqtəsində Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində içməli su ilə təmin oluna bilsin.
Oğuz-Qəbələ-Bakı su kəməri bu il istifadəyə verilməlidir. Bu kəmərin tikintisi artıq bir neçə ildir ki, uzanıbdır. Düzdür, bunun müəyyən təbii səbəbləri vardır, çünki bu, bizim üçün yeni bir layihədir. Yəqin ki, bəri başdan hər şeyi hesablamaq çətin idi. Ancaq kəmərin tikintisi zamanı qarşıya çıxan texniki məsələlər bu işin yubanmasına gətirib çıxardı. Eyni zamanda tikinti zamanı lazım olan vəsaitin də çatmayacağı üzə çıxdı, yəni layihə bahalaşdı. Elə etməliyik ki, qısa müddət ərzində, ilin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilsin. Beləliklə, Bakı sakinlərinin içməli su ilə təchizatı yaxşılaşsın. Əsas məqsəd budur.
Bu, çox böyük layihədir, bunun həm çox praktiki əhəmiyyəti var, eyni zamanda, o, rəmzi xarakter daşıyır. Neft kəmərindən əldə edilmiş gəlirləri biz su kəmərinin tikintisinə yönəltdik. Yəni, böyük bir layihədir, daim diqqət mərkəzində olan bir layihədir. Bu layihənin ilin sonuna qədər uğurla başa çatdırılması tələb olunur.
Ümumiyyətlə, ekoloji vəziyyətlə bağlı görülən işlər təkcə bu məsələlərlə məhdudlaşmır. Azərbaycanda son 6 ildə milli parkların, qoruqların, yasaqlıqların ərazisi iki dəfə artıbdır. İndi Azərbaycan ərazisinin 10 faizi məhz milli parklar, qoruqlar, yasaqlıqlardır. Bu, çox böyük bir rəqəmdir və onu göstərir ki, biz öz təbii sərvətimizə, təbiətimizə çox böyük həssaslıqla yanaşırıq. Elə etməliyik ki, təbiəti maksimum dərəcədə qoruyaq.
Mən neft-qaz sektorunda hasilatla bağlı öz fikirlərimi bildirdim. Bu sahədə işlər yaxşı gedir. Bununla bərabər xarici tərəfdaşlarla yeni kontraktlar imzalanır. Bu, onu göstərir ki, "Əsrin kontraktı"ndan artıq 16 il vaxt keçməsinə baxmayaraq, Azərbaycan xarici investorlar üçün maraqlı ölkə kimi cəlbedicidir və bizimlə iş görmək istəyən şirkətlərin sayı artır. Həm yeni şirkətlər, eyni zamanda bizim ənənəvi tərəfdaşlarımız maraq göstərirlər. Bu çox müsbət haldır. Bir tərəfdən onu göstərir ki, bizim həqiqətən də çox böyük neft-qaz sərvətlərimiz vardır ki, bu günə qədər biz kontraktlar imzalayırıq. Digər tərəfdən onu göstərir ki, ölkəmizdə xarici sərmayələr lazımi səviyyədə qorunur, Azərbaycan investisiyaların qorunması sahəsində çox böyük işlər görübdür. Biz xarici tərəfdaşlarla qarşılıqlı maraqlar əsasında işləyirik. Hər bir tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, o cümlədən Azərbaycan dövləti bütün hallarda kontraktda nəzərdə tutulmuş şərtlərə əməl edibdir və xarici şirkətlər də eyni yanaşmanı göstərir.
Yəni hesab edirəm ki, Azərbaycanda neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq nümunə kimi öyrənilə bilər. Beynəlxalq əməkdaşlıq nəticəsində əldə edilmiş gəlirlərin ədalətli bölünməsi və şəffaf şəkildə saxlanılması artıq dünya miqyasında bir nümunə kimi göstərilir. Bu sahədə biz maksimum dərəcədə istədiyimizə nail ola bildik. Dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda tətbiq olunur.
Bununla bərabər, bu sahədə hasilatla bağlı məsələlərlə yanaşı, digər məsələlər də öz həllini tapmalıdır, xüsusilə, qaz sektorunda. Bu sahəyə dünyada indi daha da böyük maraq var. Azərbaycan artıq qazı ixrac edən ölkə kimi özünü təsdiqləyib və bizim tərəfdaşlarımızın sayı artır. Bizim ixracımızın istiqamətləri artır. Biz həm mövcud olan bazarlara əlavə həcmdə qazın verilməsinə nail olmalıyıq, eyni zamanda, yeni bazarlara çıxmaq üçün əlavə tədbirlər görməliyik. Bizim qaz ehtiyatlarımız çox böyükdür. İndi onların ancaq cüzi hissəsindən istifadə olunur. Bundan sonra onilliklər ərzində, daha dəqiq ən azı yüz il ərzində Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi göstərəcəkdir.
Bununla bərabər, ölkə daxilində lazımi tədbirlər görülməlidir. Bu tədbirlər görülür. Qazlaşdırma prosesi gedir, yeni kəndlər qazlaşdırılır. Biz rayon mərkəzlərinin hamısına qazın verilməsinə nail ola bildik. Elə etməliyik ki, orada abunəçilərin sayı da artsın. Yeni xətlərin çəkilməsi, kəndlərə qazın verilməsi prosesi davam etməlidir. Qaz anbarlarının həcminin artırılması işində yaxşı nəticələr var. Biz gələcəkdə də bu işlərə diqqət göstərəcəyik.
Enerji sektorunda işlər cədvəl üzrə gedir. Bu il biz üç yeni kiçik hidroelektrik stansiyasının təməlini qoyduq. Azərbaycanda yeni proqram, bərpa olunan enerji növlərinin inkişafı proqramı çərçivəsində Göyçay, Ağdaş və Balakən rayonlarında bu stansiyalar artıq tikilməyə başlamışdır. Bu yaxınlarda mən Balakəndə olarkən "Balakən-1" stansiyasının təməl daşını qoydum. Ancaq təkcə o rayonda 10 kiçik elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Artıq ölkəmizin bütün su resurslarının xəritəsi tərtib olunub. Bu xəritə əsasında bütün çaylarda, harada ki, imkan var, biz kiçik həcmli su elektrik stansiyaları qurmalıyıq. Beləliklə, bu həm ekoloji cəhətdən çox gözəl layihə, eyni zamanda, enerji təhlükəsizliyimizi təmin edən layihə olacaqdır. Təbii ki, ucuz enerjini istehsal etməklə biz daha çox qaza qənaət edəcək və onu ixrac edəcəyik.
Bu il artıq Azərbaycanda günəş elektrik enerjisinin yaradılması işində birinci addımlar atılmışdır. Dünən Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı zamanı mənə nümayiş etdirildi. Azərbaycanda birinci günəş batareyaları qurulubdur və Mərkəzi Seçki Komissiyasının binası tam şəkildə günəş enerjisi hesabına qidalandırılacaqdır. Mənim tərəfimdən göstəriş verildi ki, bu gözəl təşəbbüsü biz qısa müddətdə Azərbaycanda daha da geniş yayaq. Yəqin ki, Azərbaycanda günəş batareyaları istehsal edən sahələr də yaradılmalıdır. Nəzərə alsaq ki, bu, bizim strateji və uzunmüddətli siyasətimizdir. Əlbəttə ki, birinci mərhələdə yəqin ki, o batareyalar xaricdən gətirilməlidir. Ancaq biz Azərbaycanda bu istehsalı təşkil etməliyik ki, vəsait Azərbaycandan getməsin və yerli şirkətlər, yerli sahibkarlar bu işlərdən faydalansınlar. Ümid edirəm ki, sahibkarlar da məni eşidirlər, bu sahəyə dövlət çox böyük diqqət göstərir. Mən hesab edirəm ki, biz bu işlərə vaxtında başlamışıq.
Bizim həm neftimiz, həm qazımız var. Yəni biz alternativ enerji mənbələri olmadan da öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edirik və başqa ölkələrin də enerji təhlükəsizliyi işlərində iştirak edirik. Ancaq mən hesab edirəm ki, biz bu gün bərpa olunan enerji növlərinin yaradılmasına başlamalıyıq. Bu, bizim həm iqtisadi gücümüzü artıracaq, eyni zamanda, bu, bizim ümumi işə, dünyada gedən proseslərə böyük töhfəmiz olacaqdır. Çünki iqlim dəyişikliyi məsələləri artıq dünyada çox böyük müzakirə mövzusuna çevrilibdir. Düzdür, Azərbaycan öz tərəfindən iqlim dəyişikliyinin dərinləşməsinə dünya iqlimi üçün problem yaradan ölkə deyil. Ancaq bu bizim töhfəmiz olacaqdır. Bir də ki, bu müasirlikdir, yenilikdir, ekoloji standartlardır. Bu sahədə işlər görülməyə başlayıb və hesab edirəm ki, bu, çox sürətlə inkişaf etməlidir. Nəzərə alsaq ki, dövlət büdcəsində də dövlət tərəfindən görüləcək işlərin sürətləndirilməsi üçün kifayət qədər vəsait var. Ancaq bununla bərabər biz özəl sektoru da bu işlərə dəvət edirik" Prezident söyləyib.

İlham Əliyevin bildirdiyinə görə, yəqin ki, yaxın zamanlarda, gələn ilin dövlət büdcəsi ilə bağlı konkret işlər başlanacaqdır.

"Artıq ilin birinci yarısı arxada qaldı. Biz gələn ilin büdcəsi haqqında fikirləşməliyik. Bilirəm ki, Maliyyə Nazirliyində bu məsələlərlə bağlı işlər gedir. Ümumiyyətlə, artıq Azərbaycanın dövlət büdcəsi oturuşmuş büdcədir. Biz çalışmalıyıq ki, büdcəmizi maksimum dərəcədə vergilər, rüsumlar hesabına təmin edək. Çalışmalıyıq ki, Neft Fondundan transfertləri çox da şişirtməyək. Ancaq bu da lazımlı vəsaitdir, Azərbaycanın sürətli inkişafını təmin edir.
Mən bayaq qeyd etdiyim kimi, bizim valyuta ehtiyatlarımız artır. İlin sonuna qədər daha da artacaqdır. Ancaq biz bu ehtiyatlardan çox qənaətlə istifadə etməliyik. Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklində ölkə iqtisadiyyatına qoymalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Əgər biz çox böyük investisiyaları qoymasaydıq, əgər biz bəzi beynəlxalq məsləhətçilərə qulaq assaydıq və ehtiyatları sadəcə olaraq yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu "Holland xəstəliyi" ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik.
Bu gün Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. Bizim şəhərlərimiz abad, gözəl şəhərlərdir. Hər bir şəhərdə işlər gedir, sosial məsələlər həllini tapır. Abadlıq, quruculuq işləri aparılır. Deyə bilərəm ki, biz bu investisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik. Gələcəkdə dövlət investisiya proqramı geniş olmalıdır. Bu proqram 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının tərkib hissəsidir. Yəni, 2013-cü ilə qədər biz ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri həll etməliyik. Qarşıya belə məqsəd qoyulubdur.
2011-ci ilin dövlət büdcəsi həmişə olduğu kimi investisiya yönümlü olmalıdır. Eyni zamanda, o büdcədə bütün sosial məsələlər də öz həllini tapmalıdır. Deyə bilərəm ki, Azərbaycanda əsas investisiya layihələri - elektrik stansiyaları, yollar, digər infrastruktur layihələri, su anbarları - artıq ya başa çatıbdır, ya da başa çatmaq üzrədir. Biz bu il Tovuzçay su anbarının tikintisinə başlamalıyıq. Bu da çox nəhəng bir layihədir, həm elektrik enerjisinin verilməsi, eyni zamanda, suların tənzimlənməsi layihəsidir. Əgər Tovuzçay su anbarı vaxtında tikilsəydi, bu daşqınlar da, sellər də bizə bu qədər əziyyət verməzdi. Çünki həmin su anbarı hesabına istənilən həcmdə suyun idarə olunmasına nail ola bilərik. Yəni, bu layihənin icrası bir neçə il çəkə bilər. Ancaq bu il başlamalıyıq və bu işi də uğurla başa vurmalıyıq.
Demək istəyirəm ki, yəni əsas, təcili, təxirəsalınmaz infrastruktur layihələri ya başa çatıb, ya da ki, icra olunur. Ona görə biz çox dəqiq və ciddi baxmalıyıq ki, gələn il hansı sahələrə dövlət investisiyalarını yönəldək ki, ölkəmizin hərtərəfli inkişafı təmin edilsin, qeyri-neft sektoru inkişaf etsin, beləliklə ölkəmiz uzun illər bundan sonra da dayanıqlı iqtisadiyyata malik olsun.
Bir də demək istəyirəm ki, altı ayın göstəriciləri arasında ən təsirli və mənim üçün ən əhəmiyyətlisi məhz qeyri-neft sektorunun artmasıdır. Qeyri-neft sektorunun 15,3 faiz artması bizim iqtisadi siyasətimizin nəticəsidir. Digər göstəricilər də əlbəttə ki, çox vacibdir - inflyasiya, əhalinin pul gəlirləri, ÜDM, sənaye istehsalı, 15 faiz artan qeyri-neft sektorunun inkişafı görülən işlərin nəticəsidir. Əlbəttə ki, görülən işlərin nəticəsi bizi daha da ruhlandırır. Biz elə etməliyik ki, əldə edilmiş uğurlarla kifayətlənməyək, biz daim hərəkətdə, daim fəal olmalıyıq, işləməliyik. Ölkədə görüləsi işlər də çoxdur. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, ölkəmiz daha da güclənsin və öz mövqelərini daha da möhkəmləndirsin. Bax, əsas məqsəd budur.
Gələn altı ayda görüləcək işlər bəllidir. Bütün nazirliklər, dövlət qurumları öz vəzifə borclarını yerinə yetirirlər. Əminəm ki, ilin sonuna qədər də bu müsbət tendensiyalar davam edəcəkdir" dövlət başçısı yekun nitqinin sonunda bildirib.

Xəbər lenti

Xəbər lenti