...

"Azərikimya" İB-nin Səthi aktiv maddələr zavodunun 65 illiyinə həsr olunmuş Spartakiada başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 18:32 (UTC +04:00)
15 iyun – Milli Qurtuluş günü ərəfəsində start götürmüş Sağlamlıq Spartakiadası yarışları 1 ay ərzində gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.
"Azərikimya" İB-nin Səthi aktiv maddələr zavodunun 65 illiyinə həsr olunmuş Spartakiada başa çatıb

Azərbaycan, Bakı, 20 iyul /Trend/

15 iyun - Milli Qurtuluş günü ərəfəsində start götürmüş Sağlamlıq Spartakiadası yarışları 1 ay ərzində gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin təcrübəli idman kollektivlərinin - Səthi aktiv maddələr, "Üzvi sintez" və Etilen-polietilen zavodlarının komandalarının iştirak etdiyi yarışlara ilk dəfə olaraq Birliyin İdarə aparatının yeni təşkil olunmuş komandası da qoşulub.

Müxtəlif yaş qruplarından olan 450 nəfərə yaxın həvəskar idmançının iştirak etdiyi yubiley Spartakiadası idmanın 9 növü - futbol, voleybol, stolüstü tennis, yüngül atletika, şahmat, dama, nərd, daşqaldırma və kəndirdartma üzrə keçirilib. Sumqayıtın müasir tələblərə cavab verən müxtəlif idman zalları və meydançaları - "Üzvi sintez" zavodunun idman-konsert kompleksi, Səthi aktiv maddələr zavodunun idman zalı, M.Hüseynzadə adına şəhər stadionu, Şahmat mərkəzi və digər idman meydançaları bu müddətdə Spartakiada iştirakçılarının ixtiyarına verilib.

Şahmat, dama, stolüstü tennis və voleybol yarışlarında kişilərlə bərabər kimyaçı qadınlar da öz qüvvələrini sınayıblar. Sevil Əliyeva (Səthi aktiv maddələr zavodu), Mehriban Zeynalova (Etilen-polietilen zavodu), Nəzakət Temirova (Etilen-polietilen zavodu), Sima Bayramova, Nailə Binnətova, Qərənfil Dadaşova ("Üzvi sintez"), Qənirə Eminova, Sevda Məmmədova, Hüsniyyə Mehdiyeva (Birliyin İdarə aparatı) öz komandalarına uğur qazandırıb, mükafata layiq yerlər tutublar. Yubileyi qeyd olunan Səthi Aktiv Maddələr zavodunun əməkçiləri bütün yarışlarda əzmkarlıqla mübarizə aparıb və idmanın dörd növü üzrə - voleybol, stolüstü tennis, şahmat və daşqaldırma yarışlarında üstünlük qazanaraq, bütövlükdə 460 xal toplamaqla komanda hesabında birinci yeri tutublar. "Üzvi sintez" zavodunun komandası üç idman növündə 430 xalla ikinci pillədə qərar tutub. Etilen-polietilen zavodunun idmançıları da 430 xal toplayıb, lakin qələbə sayındakı fərqə görə üçüncü yerlə kifayətlənməli olublar.

Sumqayıt kimya sənayesinin ilk müəssisəsi olan Səthi aktiv maddələr zavodunun 65 illik yubileyinə həsr olunmuş Sağlamlıq Spartakiadasının qaliblərinin təntənəli mükafatlandırma mərasimi "Üzvi sintez" zavodunun idman-konsert kompleksində keçirilib. Qalib komandalara pul mükafatları və fəxri diplomlar təqdim edilib.

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını örnək tutaraq, kimyaçıların idmanla məşğul olmaları, istedadlı gənc idmançıların aşkara çıxarılması, onların respublika və beynəlxalq yarışlarda uğurla çıxış etmələri və qələbə qazanmaları üçün son vaxtlarda həyata keçirilən tədbirlərin daha geniş miqyasda davam etdirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan Sumqayıtda idmanın kütləviliyinin artırılmasına xidmət edən Sağlamlıq Spartakiadasının ənənəvi olaraq keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti