...

Azərbaycan regionunda 480 min manatdan çox məbləğdə güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2010 16:24 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Balakən rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini keçirib.
Azərbaycan regionunda 480 min manatdan çox məbləğdə güzəştli kredit verilib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Balakən rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini keçirib. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Balakən və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 480 min manatdan çox məbləğdə güzəştli kredit verilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatında deyilir.

Məlumatda bildirilir ki, bu kreditlər hesabına kənd təsərrüfatı məhsulları və mineral suların istehsalı sahələrində 65 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 140-a yaxın sahibkarın iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq sahibkarlığın inkişafına dövlət dəstəyinin, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsinin və onların maarifləndirilməsinin davam etdirilməsidir.

Tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Şəki rayonunda "Karat Holdinq" MMC-nin inşa etdirdiyi 10 min ton tutumu olan taxıl anbarı kompleksində aparılan son tamamlama işləri, "Kapitol" firmasının hotel kompleksində həyata keçirilən tikinti işləri və Qax rayonunda "Qax-Konserv" ASC-də istehsal prosesi ilə tanış olublar.

Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib.

Avqustun 6-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti