...

Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" üç yeni məhsulu təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 17:10 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" üç yeni məhsulu - "Qarant-mənzil", "Qarant - məsuliyyətli qonşu", "Qarant - sahibkar"ı təqdim edib. Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.
Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" üç yeni məhsulu təqdim edib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" üç yeni məhsulu - "Qarant-mənzil", "Qarant - məsuliyyətli qonşu", "Qarant - sahibkar"ı təqdim edib. Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

"Qarant Sığorta" şirkətinin "Qarant - mənzil" məhsulundan istifadə edərək, müştərilər mənzilin və ya evin istismarı zamanı yaranan subasma riskinə qarşı sığortalana bilərlər. Beləliklə, "Qarant - mənzil" sığorta olunmuş binanın (mənzilin) içində və ya qonşu binalarda (mənzillərdə) yerləşən rezervuar və borulardan, o cümlədən, çirkab su borularından sızma və ya onların partlaması nəticəsində su basması olarsa, meydana çıxan hər bir zərəri qarşılamağa tam təminat verir.

Yeni məhsulun şərtlərinə əsasən, sığorta müqaviləsi tikintisi (təmiri) başa çatmış, yaşayış üçün istifadə olunan mənzil və evlərə dair bağlanılır, əks halda, sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bundan əlavə, sığorta təminatı yalnız daşınmaz əmlak üzrə qüvvədədir.

Mənzildə və ya evdə (evin həyətyanı sahəsində) yerləşən daşınan əmlak sığorta təminatı ilə əhatə olunmur.

Bu məhsulun sığorta məbləği hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hallar üzrə cəmi 5000 manatdır. Burada şərtsiz azadolmada hər hadisə üzrə 50 manat, sığorta haqqı 40 manat nəzərdə tutulur.

Mövcud və potensial müştərilərini yeniliklərlə sevindirməkdən qürur duyan "Qarant Sığorta"nın təqdim etdiyi növbəti yeni məhsul "Qarant-məsuliyyətli qonşu" adlanır. Bu məhsul mənzildə və ya evdə su rezervuarlarının və borularının partlaması və ya onlardan sızma, daşma nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə sığortalı, yaxud da onun ailə üzvlərinin mülki məsuliyyətinin yaranması zamanı sığorta təminatı üçün nəzərdə tutulub.

Şərtlərə əsasən, sığorta müqaviləsi, tikintisi (təmiri) başa çatmış, yaşayış üçün istifadə olunan mənzil və evlərə dair bağlanılır, əks halda, sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Həmçinin, sığortalanan mənzilin və ya evin (evin həyətyanı sahəsinin) ərazisində tikinti-təmir işlərinin aparılması nəticəsində yaranan məsuliyyət üzrə təminat verilmir və heç bir ödəniş həyata keçirilmir.

Bu məhsulun sığorta məbləği hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr üzrə cəmi 5000 manatdır. Burada şərtsiz azadolmada hər hadisə üzrə 50 manat, sığorta haqqı 40 manat nəzərdə tutulur.

Daim müştərilərinin rahatlığını düşünən "Qarant Sığorta"nın digər yeni məhsulu isə "Qarant - sahibkar" adlanır. Bu məhsulun sığorta təminatı yalnız sığorta müqaviləsi bağlanan zaman tikintisi və ya təmiri başa çatmış, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əmlak üzrə verilir. Məhsulun üstün cəhəti ondan ibarətdir ki, sığorta riski baş verərsə, yəni, sığorta olunmuş binanın (sığorta predmetinin) içində və ya qonşu binalarda (mənzillərdə) yerləşən rezervuar və borulardan (o cümlədən , çirkab su borularından) sızma və ya onların partlaması nəticəsində subasması olarsa, məhz "Qarant - sahibkar" sığorta haqqını ödəməklə zərəri qarşılayacaq.

Bunun üçün "Qarant - sahibkar"ın sərfəli şərtləri var. İstənilən müştəri hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr üzrə cəmi 5000 manat sığorta məbləği ala bilər. Şərtsiz azadolmada isə hər hadisə üzrə 50 manat nəzərdə tutulur. Yeni məhsulun sığorta haqqı sığorta predmetinin nəticəsindən asılı olaraq hesablanır: 0-100 м2 - 50 manat, 101-200 м2 - 80 manat, 201-350 м2 - 105 manat, 351-500 м2 - 125 manat.

Onu da vurğulayaq ki, bu məhsula görə də sığorta təminatı yalnız daşınmaz əmlak üzrə qüvvədədir. Sığorta predmetinin ərazisində (onun həyətyanı sahəsində) yerləşən daşınan əmlak sığorta təminatı ilə əhatə olunmur.

Hər üç məhsul üzrə sığorta haqqı birdəfəlik ödənişlə həyata keçirilir və sığorta olunan həm sığortalı, həm də onun ailə üzvü hesab olunur.

Xatırladaq ki, "Qarant Sığorta" öz faktiki fəaliyyətinə 2008-ci ilin əvvəlindən başlayıb. Qısa müddət ərzində Azərbaycanın ən tələb olunan sığorta şirkətlərindən birinə çevrilən "Qarant Sığorta"nın nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti