...

"Şimal-Cənub" dəmiryol layihəsinin mühüm geoiqtisadi əhəmiyyəti var – Azərbaycanın İrandakı səfiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 18:57 (UTC +04:00)
Azərbaycan, Rusiya və İranın dəmiryol sistemlərini birləşdirəcək "Şimal-Cənub" dəmiryol xəttinin yaradılmasının mühüm iqtisadi və geoiqtisadi əhəmiyyəti var.
"Şimal-Cənub" dəmiryol layihəsinin mühüm geoiqtisadi əhəmiyyəti var – Azərbaycanın İrandakı səfiri

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycan, Rusiya və İranın dəmiryol sistemlərini birləşdirəcək "Şimal-Cənub" dəmiryol xəttinin yaradılmasının mühüm iqtisadi və geoiqtisadi əhəmiyyəti var. Bu barədə Tehranda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib.

"Biz bunu həyata keçirə bilsək, böyük iqtisadi əməkdaşlıq üzrə qarşımıza qoyduğumuz vəzifələrə nail ola bilərik", - o bildirib.

"Şimal-Cənub" layihəsi Avropadan Rusiya, Azərbaycan və İran vasitəsilə Hindistana və Asiyanın cənub-şərq ölkələrinə vahid dəmiryol xəttinin yaradılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 400 milyon dollar lazımdır. Bununla yanaşı, işlərin çox hissəsi Azərbaycan sərhədinə qədər dəmiryol xətti olmayan İran ərazisində görülməlidir. Azərbaycanda da 35-40 milyon dollar məbləğində müəyyən işlər görülməlidir.

Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmiryol xəttinin, təkirlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisini nəzərdə tutur. Sərhəd dəmiryol körpüsünü də tikmək lazımdır, lakin bu layihə İranla paritet əsasda həyata keçiriləcək.

Bu dəhlizlə yüklərin daşınması birinci mərhələdə ildə 5 milyon ton, gələcəkdə isə ildə 10-15 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Səfirin fikrincə, ikinci mühüm məsələ Miyanə-Zəncan-Ərdəbil-Muğan dəmiryolunun tikintisidir. Bu dəmiryolun tikintisi Azərbaycanın regionları - İmişli, Saatlı və Biləsuvar rayonlarının inkişafına təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti