Azərbaycan, Bakı, 22 sentyabr /Trend, N.İsmayılova/
XVI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi "BIHE-2010"da iştitaka maraq Azərbaycanın dinamik və davamlı iqtisadi artımı sayəsində təmin olunub. Bu barədə Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev sərginin açılış mərasimində deyib.
"BIHE-2010" sərgisi "Iteca Caspian LLC"nin say etibarilə keçirdiyi birinci sərgidir. O, sentyabrın 22-dən 24-dək "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək.
"Sərginin işində 19 ölkədən 105 iştirakçı iştirak edir və ildən-ilə iştirakçıların sayı artır, bu, Azərbaycanın davamlı inkişafı ilə izah olunur. Ölkədə yeni müasir avadanlıqla təchiz olunan yeni xstəxanalar tikilir", - Ağayev qeyd edib.
Onun sözlərinə görə, belə sərgilərin keçirilməsi ölkənin səhiyyə sektoru üçün əlamətdar hadisədir, belə ki, bu, yeni texnologiyalarla tanış olmaqla, xarici şirkətlərlə yeni əlaqələrin qurulmasına imkan verir. Onun fikrincə, sərgi iştirakçılarının çoxunun ilk dəfə iştirak etməsi faktı da yaxşı göstəricidir.
Sərgiyə ənənəvi olaraq dəstəyi 16 ildir ki Azərbaycan Səhiyyə Nazirliyi göstərir. "BIHE-2010" sərgisi ilə paralel olaraq V Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və IV Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi keçiriləcək.
"Stomatologiya" sərgisi çərçivəsində Azərbaycan Stomatologiya Assosiasiyasının dəstəyi ilə "Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri" adlı XVI Beynəlxalq Stomatoloji Konfrans da keçiriləcək. Azərbaycan, Rusiya və Türkiyənin Tibb universitetlərindən 100-dən artıq nümayəndə heyətinin toplaşacağı bu konfrans sentyabrın 23-də "Bakı Ekspo Mərkəzi" sərgi kompleksinin konfrans zalında təşkil olunacaq.
Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi çərçivəsində estetik təbabət, makiyaj və tatuaj üçün nəzərdə tutulmuş avadanlıq və preparatlar, gözəllik salonları üçün alətlər, avadanlıqlar və xidmətlər, dırnaqlara qulluq xidməti və avadanlıqları, kosmetik avadanlıqlar, kosmetologiya, təbii kosmetika, müalicə-profilaktik və sağlamlaşdırıcı fitokosmetika, aromaterapiya, mezoterapiya, talassoterapiya, habelə gigiyena vasitələri, pəhriz qidaları/məhsulları, uşaqlara qulluq üçün məhsullar və bir çox digər bölmələr təqdim olunacaq.
Yerli istehsalçı və distribüterlər sərginin ümumi ərazisinin 40 faizini tutacaqlar. İştirakçılarının 35 faizi BIHE debütantlarıdır. Onlardan biri Bavariyanın milli stendidir. Onun iştirakı Bavariya Federal İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təşkil edilib.
Dərman ləvazimatlarının geniş çeşidini Belarus, Rusiya, Ukrayna və digər ölkələrin əsas əczaçılıq şirkətləri nümayiş etdirəcək.
Sərginin ekspozisiyasına daxildir: tibb və laboratoriya avadanlıqları, aptek və tibb müəssisələri üçün mebel, farmakoloji, gigiyena və dezinfeksiya preparatları.
"Iteca Caspian" şirkətinin Azərbaycanda keçirdiyi sərgilər çərçivəsində iştirakçı şirkətlərə öz orijinal məhsullarını daha geniş nümayiş etdirməyə imkan verəcək "İnnovasiyalar ərazisi" yeni proqramı fəaliyyət göstərəcək. Sərgi çərçivəsində yeni mal və texnologiyaları nümayiş etdirən şirkətlər həm stenddə, həm də sərgi planında xüsusi işarə ilə qeyd ediləcək.