...

Azərbaycanda biznes qeydiyyatı sisteminin yaradılması orta hesabla 20 milyon manata qənaət etməyə imkan verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2010 16:17 (UTC +04:00)
Azərbaycanda "bir pəncərə" vasitəsilə biznesin qeydiyyatı sisteminin yaradılması Azərbaycan sahibkarlarına 19 milyon manat qənaət etməyə imkan verib.
Azərbaycanda biznes qeydiyyatı sisteminin yaradılması orta hesabla 20 milyon manata qənaət etməyə imkan verib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda "bir pəncərə" vasitəsilə biznesin qeydiyyatı sisteminin yaradılması Azərbaycan sahibkarlarına 19 milyon manat qənaət etməyə imkan verib. Bu barədə cümə günü Bakıda "Doing Business" hesabatının hazırlanması metodologiyası üzrə treninqdə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Bakı nümayəndəliyinin hüquqşünası Fəxriyar Cabbarov deyib.

"Azərbaycan hökumətinin 5 milyon manat xərclədiyi 2008-ci ildə Vergilər Nazirliyi yanında "bir pəncərə" sistemi yaradıldıqdan sonra özəl sektor prosedurların sayının və qeydiyyat vaxtının azaldılmasına 19 milyon manat qənaət edə bilib", - Cabbarov bildirib.

Onun sözlərinə görə, bu islahatlar zamanı ölkədə yaradılan müəssisənin nizamnaməsinin hazırlanması üzrə vahid standart, eləcə də vahid identifikasiya nömrəsi tətbiq edilib ki, bu da ölkədə sahibkarların sayını 30 faiz artırmağa imkan verib. Banklar onlayn rejimdə hesabları aça bilərlər və artıq 17-yə yaxın bank Vergilər Nazirliyi ilə bu istiqamətdə əməkdaşlıq edir.

Tədbirdə "Doing Business" hesabatının müəlliflərindən biri olan Svetlana Baqaudinovanın sözlərinə görə, notarial şöbə ilə yanaşı, biznesin qeydiyyatı sistemində bank şöbələrinin yaradılması məqsədəuyğun olar ki, bu da prosesi daha da sürətləndirməyə imkan verər. BMK-nın tövsiyələrinə dövlət reyestrində qeydiyyata alınan müəssisələr haqqında informasiyanın mübadiləsi də daxildir. Bu, iş adamları arasında qarşılıqlı fəaliyyətin yaxşılaşdırılmasına və tərəfdaşların tapılmasına xidmət edər. Bununla yanaşı, korporasiya Vergilər Nazirliyinə nazirliyin saytında 2008-ci ilədək Vergilər Nazirliyi tərəfindən aparılan biznesin qeydiyyatı haqqında informasiyanı yerləşdirməyi tövsiyə edir.

"Azərbaycanda "bir pəncərə" sistemi regionda ən yaxşı təcrübələrdən biridir, bununla əlaqədar Tacikistan və Qazaxıstan Azərbaycanın bu sahədəki təcrübəsini öyrəniblər", - Baqaudinova qeyd edib.

Noyabrda açıqlanan "Doing Business 2011: Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" hesabatında Azərbaycan sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 54-cü yeri tutub. Bu göstərici ötənilki hesabatda 38 olub. Araşdırmaya 183 ölkə cəlb olunmuşdu.

Baqaudinova Azərbaycanın "Doing Business"də reytinqinin azaldılmasını reytinqin hesablanmasının dəyişdirilməsi ilə izah edib. Belə ki, bu il 10 indeksi əvəzinə 9 indeksi istifadə edilib. Onuncu indeks (muzd və işçi qüvvəsi) hazırlanmaqdadır.

Son hesabata əsasən, 2009-2010-cu illərdə Azərbaycanda kreditlərin alınması və vergi ödənişləri sahələrində islahatlar effektiv aparılıb.

Hesabatda deyildiyi kimi, Azərbaycan maliyyə institutlarına borclar haqqında məlumat verib və kredit almağa imkan verən onlayn platforma - dövlət kredit reyestrini yaratmaqla kreditlərin alınması şəraitini yaxşılaşdırıb. Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklər bir sıra faiz dərəcələrinin, o cümlədən gəlir vergisi üzrə faiz dərəcələrinin azaldılmasına, eləcə də korporativ gəlir vergisi və ƏDV-nin ödəniş prosesinin sadələşdirilməsinə xidmət edib.

Reytinqdə MDB ölkələrindən Qazaxıstan 59-cu, Belarus 68-ci, Rusiya 123-cü yeri tutublar.

Aparacı islahatlar onluğuna Sinqapur, Honq-Konq (Çin), Yeni Zelandiya, Böyük Britaniya, ABŞ, Danimarka, Kanada, Norveç, İrlandiya, Avstraliya daxil olublar.

"Doing Business"in hesabatları 2004-cü ildən dərc edilərək hər il kriteriyalar siyahısını artırır. Onların əsasında ölkənin reytinqi tərtib edilir. 2004-cü ildə onlar cəmi beş olduğu halda, son hesabatda araşdırmalar doqquz istiqamət üzrə aparılıb: biznesin başlanğıcı, tikintiyə icazə, əmlakın qeydiyyatı, kreditlərin alınması, investorun maraqlarının qorunması, vergilərin ödənilməsi, ixrac-idxal əməliyyatlarının rəsmiləşdirilməsi, müqavilələrin yerinə yetirilməsinin təmini, biznesin bağlanması.

"Doing Business 2009" hesabatında Azərbaycan iqtisadiyyatda islahatlar sahəsində lider kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti