Azərbaycan, Bakı, 28 dekabr /Trend/
"Heydər Əliyev" aeroportundan bazar ertəsi saat 20:30-da Moskvanın "Domodedovo" hava limanına uçmalı və Azərbaycan paytaxtına çərşənbə axşamı saat 04:05-də qayıtmalı olan "Azərbaycan Hava Yolları" şirkətinin Bakı-Moskva-Bakı aviareysinin həyata keçirilməsi Moskvadakı pis hava şəratinə görə yubanır. Bu barədə Trend-ə çərşənbə axşamı AZAL QSC-dən bildiriblər.
AZAL-dan bildirdiklərinə görə, reys çərşənbə axşamı günorta saatlarına qədər təxirə salınıb.Bundan başqa, Moskva-Bakı-Moskva marşrutu üzrə VİM-Avia şirkətinin reysi (bazar ertəsi saat 13:35-də Bakıya gəlməli idi), "Ural airlines" şirkətinin reysi (bazar ertəsi saat 14:30-da Bakıya gəlməli idi) və "Aeroflot"-un üç reysi də (Bakıya bazar ertəsi saat 00:40 və 15:00-da və çərşənbə axşamı 00:40-da gəlməli idilər) yubanırlar.
Keçən həftənin sonunda Moskvada və Moskva vilayətində buz yağışı yağıb: atmosfer qatlarında müsbət temperaturla yaranan damlalar yerə çatanda dərhal donub. Nəticədə Moskva aeroportlarında xaos yaranıb, yüzlərlə aviareys uça bilməyib, hava limanlarında minlərlə sərnişin toplaşıb.