Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/
Dünən Bakı-Moskva-Bakı və Moskva-Bakı-Moskva istiqamətində yubadılan aviareyslər tədricən yerinə yetirilməyə başlayıb. Bu barədə çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.
"Vəziyyət getdikcə yaxşılaşır və dünən yubadılan reyslərlə bağlı məsələ tədricən həll edilir", - aeroportdan deyiblər.
Bakı və Moskva arasında hava nəqliyyatı qaydaya düşür. "Bu istiqamət üzrə həm uçuşlar, həm enişlər bərpa edilib", - aeroportun nümayəndəsi qeyd edib.
Dünən xüsusilə, AZAL, "BİM-Avia", "Ural Hava Yolları" və "Aeroflot" aviaşirkətlərinin Bakı-Moskva istiqaməti üzrə həyata keçirdikləri aviareyslər yubadılmışdı.
Aviareyslərin kütləvi surətdə yubanmasına hava şəraiti səbəb olub. "Buz yağışı"na görə dekabrın 26-da "Domedodovo" və "Şeremetyevo" aeroportlarının elektrik enerjisi kəsilmişdi.