...

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə turistlərin Misirə göndərilməsindən imtina etməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2011 14:40 (UTC +04:00)
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi son günlər Misirdə baş verən iğtişaşlarla əlaqədar yerli turizm şirkətlərinə bu ölkəyə səyahətlər təşkil etməməyi məsləhət görüb. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə turistlərin Misirə göndərilməsindən imtina etməyi tövsiyə edir

Аzərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi son günlər Misirdə baş verən iğtişaşlarla əlaqədar yerli turizm şirkətlərinə bu ölkəyə səyahətlər təşkil etməməyi məsləhət görüb. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Nazirlik yerli turizm şirkətlərinə Misirə turistlərin həm fərdi, həm də qrup halında göndərilməsini müvəqqəti dayandırmağı tövsiyə edir", - məlumatda deyilir.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov bazar günü Trend-ə bildirib ki, hazırda Misirdə azərbaycanlı turist yoxdur.

"Assosiasiya turizm şirkətləri arasında sorğu keçirib, nəticədə aydın olub ki, hazırda Misirdə Azərbaycandan olan turist yoxdur", - Bağırov bildirib.

Hazırda Misirdə 70-ə yaxın Azərbaycan vətəndaşı yaşayır və təhsil alır.

Misirdən təhliyə edilən Azərbaycan vətəndaşlarını daşıyan təyyarə bazar ertəsi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq hava limanına gəlib. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətindən bildiriblər.

AZAL-ın təyyarəsi Qahirədən altmış nəfərə yaxın Azərbaycan vətəndaşını və Azərbaycanın Misirdəki səfirliyinin həlak olmuş əməkdaşı Nicat Qocayevin cənazəsini gətirib. Daha əvvəl AZAL-dan bildirilmişdi ki, təyyarə bazar günü saat 13:55-də Bakıdan yola düşüb.

Səfirlikdən alınan məlumata əsasən, təhliyə edilənlər Azərbaycanın Qahirədəki səfirliyinin əməkdaşları, onların ailə üzvləri, Misirdə təhsil alan tələbələr və bu ölkədə yaşayan və işləyən Azərbaycan vətandaşlarıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları və təhsil alan tələbələrin evakuasiyası ilə bağlı səlahiyyətli qurumlara göstəriş verib, XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

Azərbaycan səfirliyinin əməkdaşı şənbə günü Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində həlak olub.

Misirdə iqtisadi və siyasi islahatların keçirilməsinin, həmçinin ölkəni 30 ildir idarə edən 82 yaşlı prezident Hüsni Mübarəkin istefasının tələb edildiyi nümayişlər yanvarın 25-də başlayıb. Cümə günü kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilib. Xarici KİV-lərin məlumatına əsasən, 150 nəfər iğtişaşların qurbanı olub, 4 min nəfərdən çox adam yaralanıb.

Xəbər lenti

Xəbər lenti