Azərbaycan, Bakı, 3 mart /Trend/
Cümə axşamı Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Euroconvention Conferences" şirkətinin təşkilatçılığı və "Azerfon" şirkətinin dəstəyi ilə Azərbaycan İnvestisiya Sammiti keçirilir.
Tədbirdə Azərbaycandan 130, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Rusiya və digər ölkələrdən 40-dan çox rəsmi şəxs və iş adamları iştirak edir.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, ölkədə telekommunikasiya sektorunun inkişafı, bu sahənin investisiya imkanları və gələcəyə yönəlik layihələr üçün münbit şərait yaradılıb.
"Telekommunikasiya sektorunda "Azerfon" şirkəti öz inkişaf yolunda quruculuq mərhələsini müvəfəqqiyyətlə başa vurub və hazırda təkmilləşdirilmiş şəbəkəyə malik olaraq müştəri bazasının artırılması üzərində çalışır. Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Belə inkişaf templərini nümayiş etdirən "Azerfon" MMC-nin də sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı var. "Azerfon" özünün innovativ məhsul və xidmətləri ilə ölkənin telekommunikasiya sahəsinə bir canlanma gətirdi. "Azerfon" ilk dəfə olaraq danışıqların tarifikasiyasını manatla apardı, dünya mobil rabitəsinin nəhəngi "Vodafon"u Azərbaycana gətirdi, ən qabaqcıl rouminq xidmətləri və ilk dəfə olaraq 3G texnologiyasini tətbiq etdi. biz bununla fəxr edirik", - "Azerfon" şirkətinin baş direktoru Yurgen Pitz bildirib.
Sammitdə "Dünyada sürətlə inkişaf edən sahələrdən biri kimi alternativ enerji bazarı" və "Kənd təsərrüfatı və qida sənayesində açılan dayanıqlı biznes imkanları" mövzularında məruzələr dinlənilib, daha sonra ölkədə telekommunikasiya sektorunun inkişafı, bu sahənin investisiya imkanları, nəqliyyat və yol infrastrukturu ilə bağlı müzakirələr aparılıb.
Tədbirə olan marağın özü Azərbaycanda xarici investorların fəaliyyəti üçün hər cür şəraitin yaradılması, ölkəmizin uğurlu investisiya məkanı kimi tanınması kimi dəyərləndirilir. İnvestorların məqsədi Azərbaycanı öyrənmək və buradakı investisiya mühiti barədə məlumat almaqdır.