Azərbaycan, Bakı, 25 aprel /Trend/
Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.
Qeyd edilib ki, Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Gürcüstan beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryol xətti layihələrinin əsas tərəfdaşlarındandır. Bu irimiqyaslı strateji layihələr regionun inkişafına müsbət təsir göstərməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı baxımından xüsusilə əhəmiyyətlidir.
İki ölkə arasında 90-a yaxın ikitərəfli saziş imzalanıb ki, bu sənədlərin təqribən 50-si iqtisadi sahədə əlaqələrin tənzimlənməsi ilə bağlıdır. İş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə AZPROMO-nun Tbilisi şəhərində nümayəndəliyi və Gürcüstanda Azərbaycan İşgüzar Birliyi (AZEBİ) yaradılıb. Görüşdə qarşılıqlı səfərlərin, biznes forum və işgüzar görüşlərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli olacağı qeyd edilib.
Görüşdə həmçinin iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub, işgüzar əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın daha da genişlənməsi üçün potensial imkanların olduğu diqqətə çatdırılıb.
Sabah Azərbaycan sahibkarları üçün Gürcüstanın investisiya imkanları barədə təqdimat keçiriləcək, gürcüstanlı qonaqlar bir neçə müəssisənin fəaliyyəti ilə tanış olacaqlar.