Azərbaycan, Bakı, 5 may /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Mərkəzi Bankı (AMB) "Junior Achievement Azərbaycan" (JAA) təşkilatı ilə birgə keçirilən "Banklar fəaliyyətdə" layihəsini başa vurub. Layihə çərçivəsində qırxa yaxın tələbə-iqtisadçı mərkəzi bankçılıq və bank sisteminin quruluşu haqqında biliklərini artırıblar. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də Bakı Dövlət və Qafqaz universitetlərinin iqtisadiyyat fakültələrinin tələbələri 5 günlük treninqin sonunda xüsusi sertifikatlarla təltif ediliblər.
"Fərəhli haldır ki, biz Azərbaycanın maliyyə və iqtisadiyyat sahəsində təhsil alan və müsabiqə yolu ilə seçilmiş ən istedadlı tələbələri üçün treninq keçiririk", - AMB-nin baş direktoru Emin Hüseynov deyib. O bildirib ki, treninq proqramı üzərində çoxlu hazırlıq işləri aparılıb və bank sistemindəki yeni ideyaları və tendensiyaları əks etdirir.
Treninqlər AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilib. Tələbələr pul siyasətinin hədəfləri, məzənnə sabitliyi, Mərkəzi Bankın vəzifə, funksiyaları və onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumatlar əldə ediblər. Tələbələr bank sisteminin quruluşu, onun müxtəlif iştirakçıları, bankların üzləşdiyi risklər, risk idarəetməsi mexanizmləri, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə tanış olublar. Həmçinin, tələbələrə Mərkəzi Bankda işə qəbul prosesi, o cümlədən AMB-nin internatura proqramı barədə ətraflı məlumat verilib.
AMB-nin Kommunikasiya departamentinin direktoru Rüfət Abbasovun sözlərinə görə, AMB maliyyə savadlılığına çox böyük önəm verir və bu tipli tədbirlərin keçirilməsi tələbələri daha çox motivə etməklə onları Azərbaycan iqtisadiyyatının inkişafinda daha aktiv rol oynamağa sövq edəcək.