Azərbaycan, Bakı, 11 may /Trend, müxbir N.İsmayılova/
Dünya Bankının (DB) Azərbaycan üzrə yeni baş iqtisadçısı Raşmi Şankar mayın ortalarında ölkəyə səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə bankın Bakı nümayəndəliyindən bildiriblər.
Bundan əvvəl Şankar mart ayında Azərbaycanda olub. Onun səfəri mayın 15-dən iyunun əvvəlinədək davam edəcək. Səfərin məqsədi makroiqtisadi məsələlərin müzakirəsi, eləcə də ölkənin uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci foruma hazırlıq məqsədilə analitik işin aparılması olacaq.
Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına dair 2009-cu il oktyabrın 21-də keçirilən birinci forumun yekunları üzrə gələcək inkişaf məqsədilə ölkə iqtisadiyyatının şaxələndirilməsini, eləcə də irəliləyiş və nəticələrin qiymətləndirilməsi üçün yeni forumun keçirilməsini nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə bağlı razılıq əldə olunub. Forum Azərbaycan hökuməti və DB tərəfindən Bakıda təşkil olunmuşdu və bankın sərəncamçı direktoru Nqozi Okonco-İvealanın iştirakı ilə keçirilmişdi.
Martda Vaşinqtonda DB-nin ABŞ-dakı ofisində Azərbaycan günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov DB prezidenti Robert Zelliklə görüşdə bildirib ki, belə bir tədbir əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan verəcək. Azərbaycan DB-nin ikinci iqtisadi forumunun işində iştirakda maraqlıdır. Bununla əlaqədar Vaşinqtonda müvafiq müzakirələr aparılıb.
Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.