...

Azərbaycanın təcrübəsi miqrasiyanın iqtisadi amillərdən asılılığını sübut edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2011 19:29 (UTC +04:00)
Azərbaycanın təcrübəsi miqrasiyanın əsasən iqtisadi amillərdən və onların nəticələrindən asılılığını sübut edir.
Azərbaycanın təcrübəsi miqrasiyanın iqtisadi amillərdən asılılığını sübut edir

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın təcrübəsi miqrasiyanın əsasən iqtisadi amillərdən və onların nəticələrindən asılılığını sübut edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində deyilir.

"Belə ki, 1990-1994-cü illərdə ölkədən gedənlərin sayı 342,3 min nəfər, ölkəyə gələnlərin sayı isə 211,2 min nəfər təşkil edib. İqtisadi geriləmənin dayandırıldığı və inkişafın tədricən reallaşdırıldığı 1995-1999-cu illərdə ölkədən gedənlərin sayı 64,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 29,7 min nəfər təşkil edib", - Müslümov bildirib.

Onun sözlərinə görə, sürətli iqtisadi inkişafın tədricən təmin olunduğu 2000-2004-cü illərdə ölkədən gedənlərin sayı 28,1 min nəfər, ölkəyə gələnlərin sayı isə 13,1 min nəfər olub. İqtisadiyyatın sürətlə inkişaf etdiyi 2005-2009-cu illərdə ölkədən gedənlərin sayı 12,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 12,1 min nəfər olub.

"Ayrılıqda götürüldükdə həmin dövrə aid 2008-2009-cu illərdə 2 min nəfərlik immiqrasiya artıqlığı qeydə alınıb", - Müslümov vurğulayıb.

Onun sözlrəinə görə, bütün bunlar insanların ölkələr və regionlar üzrə yerdəyişməsi, yəni miqrasiyasının daha çox iqtisadi amillərlə və bu amillərin doğurduğu nəticələrlə bağlı olduğunu ölkəmizin timsalında da bir daha təsdiqləyir.

"Тəbiidir ki, müxtəlif regional münaqişələrin, ölkələrdaxili milli, dini və irqi problemlərin, eləcə də təbii fəlakətlərin də miqrasiya proseslərinə təsirini inkar etmək olmaz", - Müslümov vurğulayıb.

Onun sözlərinə görə, hazıradək Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış fərdi uçot sistemində 11260 nəfər xarici ölkə vətəndaşlarına sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən üstünlük təşkil edir.

Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin sədri vəzifəsini icra edən Rauf Tağıyevin dediyinə görə, bu gün Azərbaycanda 9147 əmək miqrantı yaşayır.

Xəbər lenti

Xəbər lenti