Azərbaycan, Bakı, 3 avqust /Trend/
2011-ci ilin birinci yarısı ərzində Azərbaycanda vergi borcunun səviyyəsi 10,5 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin rəisi İlkin Vəliyevin "Vergilər" qəzetində dərc olunan müsahibəsində deyilir.
İyulun 1-nə olan məlumata görə, vergi öhdəliklərinin vaxtında ödənilməməsi ilə bağlı əlavə dəyər vergisi (ƏDV) üzrə borc ümumi borcun 35,2 faizini, gəlir vergisi üzrə 19 faiz, əmlak vergisi üzrə 6 faiz təşkil edib.
Onun sözlərinə görə, hazırda idarənin əməkdaşlarına Vergilər Nazirliyinin əmri ilə əmlaklarının siyahıya alınması barədə qərar qəbul edilən vergiödəyicilərdə - borcu olanlarda operativ vergi nəzarətinin aparılmasına dair səlahiyyət verilib.
"Bu tədbirlər vergi uçotunun və nəzarətin səmərəliyinin təmininə, vaxtdan və insan resurslarından səmərli istifadəyə, çevikliyin artırılmasına və vergi borcunun alınması prosesinin sürətləndirilməsinə yönəlib", - Vəliyev qeyd edib.
Cari ilin 5 ayının yekunlarına görə, respublika üzrə vergi ödənişləri üzrə 21,2 milyon manat borc silinib və bu məbləğin 90 faizi ərazi vergi idarələrində uçotda olan vergiödəyicilərin payına düşür.
Avqustun 3-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.