...

Azərbaycan bankı "Amrahbank" və "Turkapital Holding" anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 16:16 (UTC +04:00)
"Amrahbank" ASC və "Turkapital Holding" ümumi maraqlara əsaslanan işgüzar sahələr üzrə əməkdaşlıq etmək üçün anlaşma memorandumu imzalayıblar.
Azərbaycan bankı "Amrahbank" və "Turkapital Holding"  anlaşma memorandumu imzalayıblar

Azərbaycan, Bakı, 4 avqust /Trend/

"Amrahbank" ASC və "Turkapital Holding" ümumi maraqlara əsaslanan işgüzar sahələr üzrə əməkdaşlıq etmək üçün anlaşma memorandumu imzalayıblar. Bu müqavilənin məqsədi tərəflər arasında Azərbaycanda və Türkiyədə birbaşa investisiyalar üzrə əməkdaşlığı daha da möhkəmləndirməkdir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Müqavilə "Turkapital"ın idarə heyətinin sədri Fəvvaz əl-İssa və "Amrahbank"ın idarə heyətinin sədri Emil Məmmədov tərəfindən imzalanıb.

Fəvvaz əl-İssa "Amrahbank" ASC-nin səylərini qiymətləndirərək, ən yaxın zamanda "Turkapital"ın Azərbaycanda mövcud olan gəlirli investisiya imkanlarından "Amrahbank" vasitəsilə yararlanacağına tam əmin olduğunu bildirib.

"Amrahbank" azərbaycanlı investorların investisiya layihələrinin araşdırılmasında "Turkapital"a kömək edəcək. Bununla yanaşı, "Turkapital" maraqlı investisiya layihələrinin qiymətləndirilməsində və seçilməsində "Amrahbank"la əməkdaşlıq edəcək. Bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında biznes əlaqələrinin genişləndirilməsi istiqamətində bankın əsas addımlarından biridir. Türkiyənin yaxın strateji müttəfiqi olan Azərbaycan həm Avropa, həm də Asiya üçün böyük geostrateji əhəmiyyətə malikdir. Türkiyənin Azərbaycanla ticarət dövriyyəsinin həcmi son 5 ildə 2,5 milyard dollar təşkil edib. Bu göstəricinin növbəti 5 ildə iki dəfə artacağı gözlənilir.

Həm Qərbdən, həm də Şərqdən Azərbaycana marağın artması investisiya üçün ölkəyə çox yaxşı ticarət imkanları verir, nəticədə investorlar üçün daha cəlbedici şəraitlər yaratmış olur.

"Turkapital" 2008-ci ildə 150 milyon dollar həcmində nizamnamə kapital ilə yaradılıb, məqsədi Körfəz Əməkdaşlıq Şurasının (Gulf Cooperation Council) Türkiyə və Avrasiya ölkələrində əsas investisiya mənbəyinə çevrilməkdir. Şəriyyətə əsaslanan investisiya qurumu kimi "Turkapital" dinamik inkişaf edən ölkələrdə maraqları olan investorlara investisiya imkanlarını yaxşılaşdırmaq üçün əlverişli şərtlərlə əməkdaşlıq təklif edir. "Turkapital"ın aktivləri illik 22% artmaqla 2008-ci ildə 173,1 milyon dollardan 2009-cu ildə 211,5 milyon dollara, 2010-cu ildə isə 272,7 milyon dollara qədər yüksəlib. Aktivlərin artımı baxımından, "Turkapital" Türkiyə, Azərbaycan və Tatarıstanda mövqeyini daha da yaxşılaşdıraraq investorlar üçün əlavə dəyərlər qazanıb.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" müştərilərinə depozit hesabları, plastik kartlarla əməliyyatlar, hesablaşma-kassa xidmətləri, sənədli əməliyyatlar, kredit əməliyyatları, o cümlədən istehlak və biznes kreditləri, valyuta mübadiləsi, yerli və beynəlxalq pul köçürmələri, kommunal və rabitə xidmətlərinin ödənişi, banklararası kreditlər və depozitlər, biznes məsləhətləri kimi müxtəlif növ fərdi və korporativ bank xidmətləri göstərir. 2008-ci ildən Bəhreyn Krallığında yerləşən, bankın səhmlərinin 49%-nə sahib olan Beynəlxalq İnvestisiya Bankı ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri "Amrahbank" daxilində bir sıra sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi, keyfiyyəti və digər sahələrin inkişafında mühüm rol oynayıb.

Xəbər lenti

Xəbər lenti