...

Payızda Azərbaycanda 11 beynəlxalq sərgi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2011 16:58 (UTC +04:00)
Ənənəvi olaraq, sentyabr ayında Azərbaycanda beynəlxalq sərgilər başlanır.
Payızda Azərbaycanda 11 beynəlxalq sərgi keçiriləcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ənənəvi olaraq, sentyabr ayında Azərbaycanda beynəlxalq sərgilər başlanır. Bu payız mövsümündə "Iteca Caspian" şirkəti və onun tərəfdaşı - Britaniyanın "ITE Group Plc" şirkəti 11 sərgi layihəsini həyata keçirməyi planlaşdırır və bu layihələr arasında "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit sərgisi və konfransı (CTE) adlı debüt layihə də var. Sərgilərin müsbət təmayülü ondan ibarətdir ki, getdikcə daha çox şirkət "İnnovasiyalar zonası"nın iştirakçısına çevrilir və yaratdığı imkanlar baxımından nadir marketinq vasitəsi olan sərgilərdə öz məhsullarının təqdimatını keçirməyi planlaşdırırlar.

Bu ilin payız sərgilərini fərqləndirən cəhət ondadır ki, 20%-dən çox sabit artım müşahidə olunur. Bu, Azərbaycanda mövcud olan əlverişli iqtisadi şərait, "Iteca Caspian" şirkətinin təşkil etdiyi sərgilərin unikal formatı, habelə beynəlxalq şirkətləri sərgilərə cəlb etməkdə köməklik göstərən güclü beynəlxalq ofis və agentlər şəbəkəsi sayəsində mümkün olub. Sərgilərin uğur qazanmasına zəmin yaradan amillərdən biri də ondan ibarətdir ki, bütün payız sərgiləri dövlət strukturlarının dəstəyi ilə müasir, yüksək standartlara cavab verən "Bakı Ekspo" sərgi mərkəzində keçirilir. Artıq 5 ildir ki, bir sıra irimiqyaslı payız sərgiləri, o cümlədən "BİHE", "BakuBuild" və "BakuTel" kimi sərgilər Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının "UFI" keyfiyyət nişanına layiq görülür. Bu isə sərginin keyfiyyətinə zəmanətdir və təşkilatçıların elan etdikləri statistik göstəricilərin həqiqiliyini təsdiq edir.

Bakı sərgilərinin təqvimi hər il keçirilən "BİHE" 17-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi ilə açılacaq. 13-15 sentyabr tarixlərində Bakıda dövlət təşkilatlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, hazırda fəaliyyət göstərən həkimlər və tibb sənayesi mütəxəssisləri toplaşacaqlar. Builki sərgidə 13 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkətin iştirakı gözlənir. Almaniyanın Bavariya əyaləti artıq iki ildir ki, öz milli stendi ilə sərgidə iştirak edir. "BİHE" sərgisində geniş çeşiddə tibbi məhsul və xidmətlər, o cümlədən tibb və laboratoriya avadanlıqları, əczaçılıq məmulatları, istehlak materialları, gigiyena vasitələri və bir çox digər məhsullar təqdim olunacaq. Sərgidə həmçinin "xaricdə müalicə" sektoru da təqdim olunacaq. Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçirilir.

"BİHE" sərgisi ilə eyni vaxtda 6-cı Azərbaycan Beynəlxalq "Stomatologiya" sərgisi keçiriləcək və bu sərgidə stomatoloji avadanlıqlar, istehlak materialları və bir çox digər məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, o cümlədən alman istehsalı olan 3D topoqraf nümayiş etdiriləcək.

Bu il öz beşillik yubileyini qeyd edən "Beauty Azerbaijan 2011" Azərbaycan Beynəlxalq "Gözəllik və estetik tibb" sərgisi öz ekspozisiyasını xeyli genişləndirib. Ötən illər ərzində sərgi gözəllik sənayesi mütəxəssislərinin və bu sənayenin məhsul və xidmətlərindən istifadə edən istehlakçıların hər il keçirilən peşəkar forumu statusunu qazanıb. Eyni tarixlərdə, yəni 13-15 sentyabr tarixlərində keçiriləcək bu sərgidə Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər iştirak edəcəklər. "Beauty Azerbaijan 2011" sərgisində geniş çeşiddə peşəkar kosmetika, bədənə qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq üçün materiallar, mezoterapiya məhsulları və bir çox digər məhsullar təqdim olunacaq. İlk dəfə olaraq, bu il sərgidə kollagen kosmetik vasitələr və sürətli diş ağardıcı sistemlər nümayiş etdiriləcək.

Sərgi mövsümünü "Education & Career 2011" 5-ci Yubiley Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi davam etdirəcək. Bu sərgi 6-8 oktyabr tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgidə əsas diqqət 16 və daha yuxarı yaşlı ziyarətçi auditoriyası üçün nəzərdə tutulmuş ali təhsil və dil bacarıqlarının təkmilləşdirilməsi sektorlarına yönəldiləcək. Rəngarəng universitet proqramları, bakalavrların magistr, magistrlərin isə elmlər doktoru dərəcəsi qazanmaq imkanları, "Yay məktəbləri" adlandırılan və yay mövsümündə keçirilən təlim və dil kursları sərgi ekspozisiyasının əsasını təşkil edəcək. Eksponentlər arasında öz üzvlərinin sayına görə Belarus, Böyük Britaniya, Kipr, Litva və Türkiyənin milli heyətləri fərqlənirlər. Sərgidə Azərbaycan, Dubay, Kanada və İsveçrənin təhsil müəssisələri və təşkilatları da iştirak edəcəklər.

Sonra isə estafeti 19-22 oktyabr tarixlərində keçiriləcək Xəzər və Qafqaz regionunun ən böyük beynəlxalq inşaat sərgisi - "BakuBuild" qəbul edəcək. Bu il sərgi ekspozisiya sahəsinin artımı baxımdan bütün rekordları ötüb keçib - 40%. Sərginin başlamasına iki ay qalmış təşkilatçılar ekspozisiya sahəsinin 90%-nin tutulduğunu elan ediblər. Azərbaycan, Yunanıstan, Koreya, Polşa, BƏƏ, Rusiya, Ukrayna və digər ölkələrdən 300-dən çox şirkət eksponent qismində "BakuBuild 2011" sərgisində iştirak edəcək. Ənənəyə uyğun olaraq, fərdi stendlərlə yanaşı, Almaniya, İtaliya, Finlandiya və İranın kollektiv ekspozisiyaları da sərgidə təqdim olunacaq. Portuqaliyanın milli qrupu isə ilk dəfə olaraq Azərbaycana səfər edəcək. Böyük sahələr türkiyəli istehsalçılar tərəfindən tutulacaq. Yerli şirkətlər sərgi iştirakçılarının 35%-ni təşkil edir. "BakuBuild" sərgisində zəngin çeşiddə inşaat avadanlıqları, bəzək və üzləmə materialları, sanitariya texnikası, pəncərə istehsalı üçün avadanlıqlar və bir çox digər məhsullar nümayiş etdiriləcək. Builki sərginin fərqləndirici cəhəti ondan ibarətdir ki, sərgi ekspozisiyasının böyük hissəsini innovativ texnologiyalar əsasında istehsal edilən inşaat materialları və avadanlıqlar təşkil edəcək. "BakuBuild" sərgisi Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə Azərbaycan Respublikası Memarlar İttifaqı tərəfindən dəstəklənir.

İnşaat sərgisi ilə eyni meydançada "Caspian MebelExpo" 8-ci Xəzər Beynəlxalq "Mebel, interyer və dizayn" sərgisi təşkil olunacaq və burada binaların daxili interyeri və dizaynı, divar kağızları, ev üçün parçalar, işıqlandırma cihazları, güzgülər, büllur məmulatlar və s. təqdim olunacaq.

Həmçinin, "BakuBuild" sərgisi ilə eyni vaxtda "Aqua-Therm Baku" 3-cü Beynəlxalq "İsitmə, ventilyasiya, soyutma, su təchizatı, sanitariya texnikası, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji" sərgisi keçiriləcək. Bu layihə xarici "HVAC" (hava isitmə, dəyişmə və soyutma, sanitariya texnikası və su təchizatı) məhsullarının istehsalçıları arasında getdikcə daha çox rəğbət qazanır. Belə ki, bu il "Aqua-Therm Baku" sərgisi öz meydançasında 12 ölkədən, o cümlədən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və İsveçdən olan 60-dan çox şirkəti bir yerə toplayacaq və "Baku Ekspo" sərgi mərkəzinin ikinci zalında yerləşəcək. Sərginin artımı ötən illə müqayisədə 30% təşkil edib.

İlk dəfə olaraq, bu il "BakuBuild" sərgisi ilə eyni vaxtda, yəni 19-22 oktyabr tarixlərində 4-cü Xəzər Beynəlxalq "Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri" sərgisi ("CIPS") keçiriləcək. Sərgilər təqvimində bu dəyişiklik sərgi iştirakçılarının arzusu ilə edilib və artıq bu qərar layihəyə öz müsbət təsirini göstərib. Builki sərgi yüksək süni intellektə malik olan mühafizə vasitələrinin istehsalı üzrə ən son təkmilləşdirmələrin nümayişi ilə fərqlənəcək. Belə ki, bu sərginin iştirakçıları təhlükəsizlik sistemləri, videokameralar, girişə nəzarət və obyektlərin müşahidəsi vasitələri, yanğın təhlükəsizliyi sistemləri və bir çox digər məhsulun istehsalçılarından ibarət olacaq. Sərgidə yer sifariş etmiş brendlər arasında "Kaba Security" (Almaniya), "Elfor" (İtaliya), "Bosch Security" (Niderland), "Biostream Axxonsoft" (BƏƏ), "SFFECO" (BƏƏ), "SIEZA" (Çexiya) və bir çox digər şirkətlər var. Bu il "CIPS" sərgisində ilk dəfə "SONY" şirkəti iştirak edir. Məlumat təminatı baxımından sərgi proqramı "təhlükəsiz sənaye"nin aparıcı istehsalçılarının keçirəcəkləri təqdimat və seminarlar hesabına zəngin olacaq.

Ətraf mühitin mühafizəsinə həsr olunmuş yeni layihə - "Xəzər: Ətraf mühit üçün texnologiyalar" ("CTE") Beynəlxalq sərgi və konfransı 2-4 noyabr tarixlərində öz işinə başlayacaq. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələlərə göstərdiyi daimi diqqət və ölkədə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə güclü təkan verib. Belə ki, bu sahədə böyük layihələr uğurla həyata keçirilib və keçirilir. Bu mövzunun aktual olması "CTE" sərgisinin keçirilməsinə zəmin yaradıb və bu il sərginin debütü olmasına baxmayaraq, artıq xeyli sayda şirkət sərgidə iştirak etmək arzusunda olduqlarını bildiriblər. Belə ki, bu layihədə Almaniya və Latviyanın milli heyətləri iştirak edəcəklər. Həmçinin iştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, ABŞ, Türkiyə və digər ölkələrdən gələn şirkətlər olacaq. Sərgi ziyarətçiləri təbii sərvətlərin səmərəli istifadəsi və alternativ və bərpa olunan enerji üzrə təklif və layihələr, habelə bu sahənin ən yeni avadanlıq və texnologiyaları ilə tanış olacaqlar. Sərgi bu tədbirdə öz stendi ilə iştirak edəcək Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir.

Sərgilər mövsümünü "İKT" sahəsində əsas hadisələrdən biri olan "BakuTel" 17-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiyalar və informasiya texnologiyaları" sərgi və konfransı başa vuracaq və bu sərgi 23-26 noyabr tarixlərində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə keçiriləcək. Builki sərginin baş sponsoru "Microsoft" korporasiyasıdır. Sərgidə dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin iştirakı gözlənilir. Sərginin ekspozisiyası İKT sahəsinin müasir təkmilləşdirmələrindən ibarət olacaq. İnnovasiyalar kataloqunda ən son avtomatik idarəetmə sistemləri (SON), tətbiqi kompüter proqramları, peyk rabitəsi üçün xidmət avadanlıqları, teleradio yayım avadanlığı və texnologiyaları, bank texnologiyaları və xidmətləri, habelə bir çox digər yeniliklər əks olunacaq. Sərgi yeniliklərin nümayiş etdirilməsi və müqavilələrin bağlanması üçün bir meydança olmaqla yanaşı, həm də elm sahəsində ünsiyyət qurmaq üçün əla imkan yaradacaq. Belə ki, sərginin zəngin işgüzar proqramı çərçivəsində forum, seminar və təqdimatların, habelə ənənəvi "BakuTel" konfransının keçirilməsi nəzərdə tutulub. Bu konfrans hər il sərginin işini müşayiət edir və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Konfransın proqramı və iştirakçıları ilə yaxından tanış olmaq üçün sərginin rəsmi www.bakutel.az veb-saytında anons məlumatı izləyə bilərsiniz.

"İteca Caspian" şirkətinin bütün sərgiləri müasir sərgi kompleksi olan "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək. Sərgilərə giriş isə həmişə olduğu kimi ödənişsizdir və sərgiləri ziyarət etmək istəyən şəxslərə onları sərgiyə və geri pulsuz daşıyacaq rahat avtobuslar təklif olunacaq.

Xəbər lenti

Xəbər lenti