...

Azərbaycanda ötən ay istehlak bazarında cüzi qiymət artımı müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2011 17:16 (UTC +04:00)
2011-ci ilin avqust ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,3 faiz bahalaşıb.
Azərbaycanda ötən ay istehlak bazarında cüzi qiymət artımı müşahidə olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

2011-ci ilin avqust ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,3 faiz bahalaşıb. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin aprel ayından davam edən deflyasiyadan sonra avqust ayında hər üç qrup üzrə bahalaşma müşahidə olunmasına baxmayaraq, ilin əvvəlindən istehlak qiymətlərinin artımı 0,2 faiz bəndi azalaraq cari ilin yanvar-avqustunda 8,5 faizədək enib.

Avqust ayında ərzaq məhsullarından mal ətinin, qoyun ətinin, kolbasanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, kərə yağının, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, limonun, şabalıdın, göyərtinin, xiyarın, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, soğanın, şəkər və şəkər tozunun qiyməti bahalaşıb. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu da əsasən unun, qarabaşaq yarmasının, pasterizə və sterilizə olunmuş üzlü südün, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, pomidorun, bibərin, badımcanın, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunub.

Avqust ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından yağlı və sulu boyaların, parket üçün lakın, divar kağızlarının, su tənzimləyici cihazların, kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, laminat parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün stol və kətilin, yataq mebel dəstinin, qonaq və yemək otaqları üçün dəstin, yumşaq mebel dəstinin qiymətləri bahalaşıb. Bahalaşma ilə yanaşı, ay ərzində qeyri-ərzaq mallarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu da əsasən inşaat materiallarından pəncərə şüşəsinin, parketin, sementin, məişət avadanlıqlarından paltaryuyan maşınların, qaz pilətəsinin, şirəçıxaranın, mikserin qiymətlərində müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti