...

Azərbaycanın life-şirkəti həlak olmuş briqadirin ailəsinə sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 11:56 (UTC +04:00)
"Atəşgah" sığorta qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib.
Azərbaycanın life-şirkəti həlak olmuş briqadirin ailəsinə sığorta ödənişi edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Atəşgah" sığorta qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

2011-ci ilin fevralında öz əməkdaşlarını "Atəşgah Həyat" SŞ-də sığortalatmış sənaye müəssisələrindən birinin əməkdaşı (briqadir) yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 10 891 AZN təşkil edib.

Məbləğ həlak olmuş şəxsin həyat yoldaşı və övladlarına verilib.

2011-ci ilin əvvəlindən "Atəşgah Həyat" SŞ-yə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 20-dən artıq sığorta hadisəsi ilə bağlı müraciət daxil olub.

Xatırladaq ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun 2010-cu ilin dekabrından tətbiq olunmağa başlayıb.

Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

"Atəşgah Həyat" SŞ 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkətidir.

Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

"Atəşgah" Sığorta Şirkəti 1996 - cı ilin sonunda təsis edilmiş, 1997- ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya almışdır. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də kommersiya təşkilatları - İSR HOLDİNG və RAN - Eksimdir.

"Atəşgah Həyat" ASC SŞ, "Atəşgah" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil etmişdir. Şirkət müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti