Azərbaycan, Bakı, 8 oktyabr /Trend /
Azərbaycan daha 17 ölkə ilə ikiqat vergitutmadan yayınma haqqında saziş imzalamağa hazırlaşır.
"Son illər ərzində Azərbaycanın Vergilər Nazirliyi ikiqat vergitutmadan yayınma haqqında ikitərəfli sazişlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu günədək belə saziş 41 ölkə ilə bağlanıb, daha 17 ölkə ilə saziş ratifikasiya və ya imzalanmaya hazırlanma prosesindədir".
Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov "Bakinski raboçi" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, nazirliyin işinin əsas prioritetlərindən biri Azərbaycanın vergi adminstrasiyasının dünya vergi sisteminə inteqrasiyasıdır.
"Biz digər ölkələrlə vergi qanunvericiliyinin təkmilləşdirilməsi, məlumat mübadiləsi və vergi borclarının yığılması prdosesində qarşılıqlı kömək, ən yeni informasiya-pkommunikasiya texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı faydalı əməkdaşlığa çalışırıq", - Ələkbərov deyib.
Azərbaycan Avropa Vergi Administrasiyaları Təşkilatının (IOTA), MDB-nin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının, Vergi Araşdırmaları Orqanları Əlaqələndirmə Şurasının fəal üzvlərindəndir.
Ələkbərovun sözlərinə görə, Bakıda bu təşkilatların himayəsi altında dəfələrlə beynəlxalq seminarlar, konfranslar və başqa tədbirlər keçirilib.
"Bizim əməkdaşlarımız da xaricdə keçirilən analoji tədbirlərdə fəal iştirak edirlər. Bu yaxınlarda VN-nin nümayəndə heyəti 2002-ci ildən üzvü olduğumuz IOTA 15-ci Baş Assambleyasının, eləcə də MDB-nin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının 18 iclasının işində iştirak edib", -nazir müavini deyib.
MDB-nin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının növbəti iclası gələn ilin ortalarımnda Bakıda keçiriləcək.
Ələkbərov hesab edir ki, belə tədbirlərin keçirilməsi ölkənin vergi xidmətinin hərtərəfli inkişafına və Azərbaycanın təcrübəsinin bütün dünyada yayılmasına müsbət təsir göstərir.
"Vergilər Nazirliyi artıq neçə ildir ki, Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş fəaliyyət planını uğurla həyata keçirir. Biz daim ölkəmizin vergi qanunvericiliyini onun Avropa standartları ilə uyğunlaşdırılması üçün təkmilləşdiririk", - nazir müavini deyib.