...

Azərbaycan biznesin güzəştli kreditləşdirilməsini artırmağı davam etdirəcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 17:34 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2011-ci ildə güzəştli kreditlərin verilməsi üçün nəzərdə tutulan vəsaitinin indiyədək Fondun tarixində ilk dəfə ən yüksək həddə - 138 milyon manata çatdırılması nəzərdə tutulur.
Azərbaycan biznesin güzəştli kreditləşdirilməsini artırmağı davam etdirəcək - nazir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2011-ci ildə güzəştli kreditlərin verilməsi üçün nəzərdə tutulan vəsaitinin indiyədək Fondun tarixində ilk dəfə ən yüksək həddə - 138 milyon manata çatdırılması nəzərdə tutulur.

"Gələcəkdə Azərbaycanda sahibkarlıq subyektləri layihələrinin güzəştli kreditləşdirilməsinin həcmi artırılacaq", - Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü rəsmi mətbuatda dərc edilən müsahibəsində bildirib.

Əvvəllər 2011-ci il üzrə Fondun xətti ilə 125 milyion manat kreditin verilməsi planlaşdırılıb.

"2012-ci ildə isə müvəkkil kredit təşkilatları vasitəsilə 200 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır", - Mustafayev deyib.

Nazirin sözlərinə görə, bunun 110 milyon manatını verilmiş güzəştli kreditlər üzrə fonda qaytarılacaq vəsaitlər, 90 milyon manatı isə dövlət büdcəsindən ayrılacaq vəsaitlər təşkil edəcək.

Güzəştli kreditlər məqsədli dövlət proqramlarına uyğun olaraq, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı və dinamik inkişafı üçün önəmli olan müasir tələblərə cavab verən iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq (o cümlədən damazlıq), taxılçılıq və toxumçuluq, intensiv üzümçülük və çayçılıq təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, istixanaların, soyuducu anbar komplekslərinin, sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə, gənclərin, kiçik fermer və ailə təsərrüfatlarının, məcburi köçkünlərin, qadınların və aztəminatlı ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına və s. istiqamətlərə yönəldiləcək.

SKMF 1992-ci ildə yaradılıb. 2011-ci ildə Fond 125 milyon manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Ümumilikdə, 2006-2011-ci illərdə SKMF-nin dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirməsinə 453,1 milyon manat ayrılıb.

Oktyabrın 19-na olan rəsmi məzənnə 0,787 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti