...

Beynəlxalq Sığorta Şirkəti təkrar sığortaçıların Almaniyada keçirilən konfransının strateji tərəfdaşı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2011 15:55 (UTC +04:00)
Almaniyanın Baden-Baden şəhərində oktyabrın 23-də təkrar sığortaçıların illik beynəlxalq konfransı keçirilib.
Beynəlxalq Sığorta Şirkəti təkrar sığortaçıların Almaniyada keçirilən konfransının strateji tərəfdaşı olub

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Almaniyanın Baden-Baden şəhərində oktyabrın 23-də təkrar sığortaçıların illik beynəlxalq konfransı keçirilib. Bu görüşdə Avropanın və MDB-nin sığorta və təkrar sığorta şirkətlərinin 250-dən çox mütəxəssisi iştirak edib.

Beynəlxalq Sığorta Şirkətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, konfransın işində bir gün Azərbaycanın sığorta bazarına həsr olunub. Azərbaycan gününün açılışında çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyev konfrans iştirakçılarına müraciət edərək bildirib: "Azərbaycanın sığorta bazarının Sizin biznesiniz üçün maraqlı perspektivlər açacağına tam əmin olduğumuz üçün onun imkanlarını böyük qürur hissi ilə təqdim edirik. Hesab edirəm ki, bu tədbir bizim sığorta bazarları arasında effektiv əlaqələrin qurulmasına təkan verəcək".

Beynəlxalq Sığorta Şirkəti konfransın strateji tərəfdaşı qismində çıxış etməklə ölkəmizin sığorta bazarının belə yüksək səviyyədə təmsil olunmasına öz töhfəsini verib. Şirkətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov bu barədə məlumat verərkən bildirib: "Belə bir mühüm tədbirə strateji tərəfdaşlığımız şərəfli olmaqla yanaşı, Azərbaycanın sığorta bazarının liderlərindən biri kimi müəyyən mənada həm də borcumuzdur".

Hər ilin oktyabr ayının sonlarında Almaniyanın Baden-Baden şəhərində keçirilən təkrar sığortaçıların konfransı dünya sığorta bazarı üçün mühüm hadisələrdən biri hesab olunur. 1979-cu ildən başlayaraq alman sığorta və təkrar sığortaçıların illik konfransından qaynaqlanan bu ənənə sonrakı illərdə sığortaçıların beynəlxalq görüşləri səviyyəsinə qalxıb.

Qeyd etmək lazımdır ki, 2002-ci ildə fəaliyyətə başlamış Beynəlxalq Sığorta Şirkəti hazırda Azərbaycanın ilk beş aparıcı şirkətləri sırasına daxildir. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti