Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Azərbaycanın görkəmli rəssamları - Xalidə Səfərova və Mahmud Tağıyevin zəngin sənət irsi "Xalq Əmanəti" layihəsi çərçivəsində nəşr edilmiş "Rəngkarlıq və qrafika" albomunda yer alıb. Trend-in məlumatına görə, bu barədə Xalq Bankın cümə günü yaydığı məlumatda deyilir.
Albomda epiqraf olaraq qeyd olunan "həyatda iki tükənməz xoşbəxtlik mənbəyi vardır - sevgi və yaradıcılıq" fikri 55 illik birgə ailə və sənət həyatı sürmüş iki rəssamın yaradıcı kredosunu olduqca tutumlu və dəqiq ifadə edir. Albom Xalidə Səfərova və Mahmud Tağıyev tandeminin yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir və fırça ustalarının əsərlərini toplu halında sənətsevərlərə təqdim edir.
"Xalq Bank" ASC-nin 2010-cu ildə başladığı "Xalq Əmanəti" layihəsi Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin yaradıcılığına müraciət etməklə sənətsevərlərin dərin rəğbətini qazanıb. Nəşr olunan kitabların yüksək bədii dəyəri və nəfis tərtibatı onların istənilən kitab rəfində öz layiqli yerini tutacağına əminlik yaradır.
"Xalq Əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyır. Bu seriyadan olan kitablar hədiyyəlikdir və üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. "Xalq Əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə Xalq Bankın kiçik bir töhfəsidir.
Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin ekspozisiyası Xalq Bankın İnşaatçılar prospekti, 22L ünvanda yerləşən baş ofisində oktyabr ayının 29-dan yanvarın 30-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.