...

Azərbaycanın dövlət qurumları milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsinə dair protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2011 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Mərkəzi Bankında Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsinə dair protokol imzalayıblar.

Trend-in Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb.

Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini və bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir.

Bu istiqamətdə Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi üçün müvafiq struktur yaradılıb və onun fəaliyyəti təmin edilir.

Eyni zamanda, Vəliyev son zamanlar müəyyən məhsullar üzərində müxtəlif nominallı əskinasların imitasiyalarının geniş miqyasda yayılması faktlarının aşkar edilməsini və bununla əlaqədar əhali tərəfindən Mərkəzi Banka, o cümlədən digər dövlət qurumlarına çoxsaylı müraciətlərin daxil olmasını vurğulayıb.

Daxili İşlər, Vergilər və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri də çıxış edərək bu kimi halların əhalidə narazılıq yaratdığını və imitasiya olunmuş əskinaslar vasitəsilə müəyyən firıldaqçılıq hallarının qeydə alındığını bildiriblər.

Daxili İşlər Nazirliyinin əməkdaşının verdiyi məlumata əsasən, Mərkəzi Bankla aparılan son danışıqların nəticəsində hüquq-mühafizə orqanları tərəfindən üzərində pul nişanlarının imitasiya olunduğu müxtəlif növ məhsulların ölkəyə idxalı dayandırılıb və onların pərakəndə satış müəssisələrindən geri yığılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Müzakirənin sonunda aidiyyəti dövlət qurumları arasında pul nişanlarının saxtalaşdırılmasına qarşı koordinasiyanın gücləndirilməsi, eləcə də pul nişanlarının imitasiyasının məhdudlaşdırılması və onun reproduksiyası ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması barədə qərar qəbul olunub.

Bununla yanaşı, dövlət qurumları ilə Mərkəzi Bank arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti