Azərbaycan, Bakı, 11 noyabr / Trend /
Bakı Fond Birjasında (BFB) ədalətli qiymətin formalaşdırılması və yeni şirkətlərin birja listinqinə gətirilməsi ilə "mavi fişkaların" müəyyən edilməsi istiqamətində birgə işçi qrup yaradılacaq. Trend-in məlumatına görə, bu barədə birjanını cümə günü yaydığı məlumatda deyilir.
"Belə qərar birja rəhbərliyi və qiymətli kağızlar bazarında fəaliyyət göstərən broker təşkilatlarının nümayəndələri ilə növbəti görüşdə qəbul edilib", - məlumatda deyilir.
Görüş noyabrın 4-də keçirilib. Görüşün əsas müzakirə mövzusu yerli fond bazarında ədalətli qiymətin formalaşdırılması olub. Həmçinin görüşdə birja üzvləri tərəfindən birjadankənar keçirilən əqdlər barədə məlumatların açıqlanması və səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilmiş səhmdar cəmiyyətlərin hesabatlarının birjanın rəsmi veb-səhifəsində açıqlanmasına dair təkliflər səsləndirilib.
Görüş Standard Capital, Texnika Kapital Menecment, Çelsi Kapital, YapıKredi İnvest və Caspian Financial broker təşkilatlarının iştirakı ilə keçirilib.