...

Bakıda növbəti dəfə istehlakçıların aldadılması faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2011 16:25 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı istehlakçıların aldadılması faktı müəyyən olunub.
Bakıda növbəti dəfə istehlakçıların aldadılması faktı aşkar olunub

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı istehlakçıların aldadılması faktı müəyyən olunub.

"Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayonda H.Əliyev küçəsi, ev 32 ünvanında Ahmad Shaha məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunmuşdur", - nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumatda deyilir.

Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Bütün mallara 70% endirim", "Türk kişi və qadın geyimləri" və "Topdansatış" sözləri yazılsa da, satışda olan geyimlərin heç birinə endirimin tətbiq edilmədiyi, satışda yalnız Türkiyə istehsalı deyil, Çin və digər ölkələrin istehsalı olan geyimlərin də olduğu, habelə mağazanın topdansatış deyil, pərakəndə satış fəaliyyəti göstərdiyi müəyyən olunub.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamların yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti