...

Bakı-Tbilisi-Qars dəmiryolunun tikinti işləri qrafikə uyğun gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin yaradılması çərçivəsində işlər plana uyğun gedir. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda tikinti işləri Gürcüstanın bütün ərazisində aparılır.

Əzməmmədov deyib ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar Gürcüstanın bəzi sahələrində işlər dayandırılacaq.

Onun sözlərinə görə, qış dövründə işlərin dayandırılması normal prosesdir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun əvvəl dediyinə görə, 2012-ci ilin sonuna qədər layihə iştirakçıları iki pilot qatarı işə salacaqlar. 2013-cü ilin birinci yarısında yol tam rejimdə istismara veriləcək.

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilir.

Azərbaycan dəmiryolunun Gürcüstan hissəsinin tikintisi və bərpası üçün 775 milyon dollar məbləğində vəsait ayırıb. Bu layihənin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Azərbaycan Prezidentinin 2007-ci il 21 fevral tarixli "Bakı-Tbilisi-Qars layihəsi üzrə tədbirlərin həyata keçirilməsi haqqında" sərəncamına uyğun olaraq həyata keçirilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq.

Xəbər lenti

Xəbər lenti