...

Dünya Bankının sosial müdafiə proqramları üzrə məsləhətçisi Bakıda səfərdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2011 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Dünya Bankının sosial müdafiə proqramları üzrə məsləhətçisi Hernando Quinteronun Azərbaycanda tətbiq edilən Ünvanlı Sosial Yardım (ÜSY) proqramının beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsini həyata keçirmək məqsədi daşıyan Bakı səfəri başlayıb. Bu barədə Trend-ə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində ÜSY proqramının, qanunvericilik bazasının (sosial təminat siyasəti), Məlumatların İdarəetmə Sisteminin (MİS) hazırlanması, eyni zamanda sosial ödənişlər üçün maliyyə məsələlərinin avtomatlaşdırılmış idarə olunması, sosial yardım proqramının nəzarət və yoxlama funksiyalarının həyata keçirilməsi istiqamətləri üzrə qiymətləndirmələrin aparılması nəzərdə tutulur.

Nazirlikdə və Əhalinin Sosial Müdafiəsi mərkəzlərində görüşlər keçirən beynəlxaq məsləhətçi Azərbaycanda reallaşdırılan sosial yardım proqramını ən mütərəqqi sosial proqramlardan biri kimi qiymətləndirib.

Azərbaycanda tətbiq olunan sosial yardım proqramı modelinin dərindən öyrənilməsi və digər ölkələrdə tətbiqi imkanlarının araşdırılması barədə ilkin razılıq cari ilin 30 may-3 iyun tarixlərində "Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması" mövzusunda Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində təşkil edilən beynəlxalq forumda əldə edilmişdi.

Forumda 54 ölkədən və dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından 200-dək nümayəndə iştirak etmişdi. Forumda "Ünvanlı sosial yardım - Azərbaycanda sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsində səmərəli alət" mövzusunda məruzə ilə çıxış etmiş Azərbaycan nümayəndə heyəti tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, yoxsulluğun azaldılması istiqamətində atılan addımlar, əldə edilmiş nəticələr, sosial sahədə dünyada ən səmərəli nümunələrdən olan ünvanlı sosial yardım proqramı və gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan digər aktiv sosial proqramlar haqqında məlumat verilmişdi.

Respublikamızda tətbiq edilən sosial yardım proqramı Forum iştirakçıları tərəfindən maraqla qarşılanmış və Dünya Bankının Sosial Müdafiə Sektorunun əməkdaşları tərəfindən Azərbaycan modeli mövcud mükəmməl proqramlardan biri kimi qeyd edilmişdi.

Xəbər lenti

Xəbər lenti