Azərbaycan, Bakı, 21 noyabr / Trend/
Bank of Baku-nun aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artaraq 284 785 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
Bank of Baku əsas maliyyə göstəricilərində yüksək artım nümayiş etdirərək 2011-ci ilin III rübünü uğurla başa vurur. İlk öncə qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Bakı şəhərində 481,7 min ailə yaşayır və bankın göstəricilərinə görə, həmin ailələrin təxminən 55 faizi məhz Bank of Baku-nun təklif etdiyi xidmətlərdən faydalanırlar.
30.09.2011-ci il tarixinə Bank of Baku nizamnamə kapitalını 104 faiz artıraraq 26,18 milyon manat məbləğinə çatdırıb. Bankın aktivləri keçən ilin analoji göstəriciləri ilə müqayisədə 24 faiz artaraq 284 785 min manat təşkil edib. Həmçinin, bankın əmanətlərinin də xeyli artımı müşahidə olunur: 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə bankın depozit portfeli 20 faiz genişlənərək 210 210 min manat təşkil edib. O cümlədən, əhalinin müddətli depozitləri 39 faiz artaraq 156 384 min manat məbləğinə çatıb. Onu da qeyd edək ki, "Fineko" informasiya-analitik agentliyinin statistik məlumatlarına istinadən, 2011-ci ilin 9 ayı ərzində Bank of Baku xalis mənfəət göstəricisinə görə Azərbaycanın özəl bankları arasında liderdir. Beləliklə, 30.09.2011-ci il tarixinə olan göstəricilərə əsasən, bankın xalis mənfəəti 19871,42 min manat təşkil edir. Bu göstərici 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 84 faiz artıb.
Eyni zamanda, "Fineko" informasiya-analitik agentliyinin statistik məlumatlarına əsasən, 30.09.2011-ci il tarixinə bankın ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi 6,98 faiz, ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi isə 75,90 faiz təşkil edib. Beləliklə, "Fineko"-ya istinadən, qeyd olunan müddətə Bank of Baku hər iki göstəricilərə görə Azərbaycan bankları arasında birincidir.
30.09.2011-ci il tarixinə olan göstəricilərə əsasən, Bank of Baku-nun kredit portfelinin həcmində də artım müşahidə olunur və 2010-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə kredit portfelinin həcmi 35 faiz artaraq 242 190 min manat təşkil edib. O cümlədən, 2010-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə istehlak kreditlərinin həcmi 58 faiz artaraq 198 240 min manat təşkil edir, bu isə bir daha Bank of Baku-nun müştəriləri üçün mütəmadi olaraq təqdim etdiyi əlverişli kredit məhsullarının hər zaman tələbatda olmasının parlaq göstəricisidir.
Həmçinin, 30.09.2011-ci il tarixinə olan göstəricilərə görə, Bank of Baku-nun müştərilərinin ümumi sayı 370 mindən artıq insan təşkil edir.
Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.
Noyabrın 21-nə rəsmi məzənnə 0,7865 AZN/USD manat təşkil edir.