Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir R.Daraxşan/
Azərbaycan ilə Misir arasında birbaşa hava xəttinin yaradılması üzərində iş aparılır. Bunu Misirin "Nil" peyk telekanalına müsahibəsində Azərbaycanın Qahirədəki səfiri Şahin Abdullayev bildirib.
İkitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyən səfir iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin daha da gücləndirilməsinə olan zərurəti vurğulayaraq, iki ölkə arasında neft sahəsində başlayan uğurlu əməkdaşlığı xatırladıb. Bu barədə şənbə günü Azərbaycanın Misirdəki səfirliyinin məlumatında bildirilir.
Abdullayev digər sahələr üzrə də iqtisadi əlaqələrin stimullaşdırılmasının vacibliyini diqqətə çəkib.
Mədəniyyət sahəsində əlaqələrə gəldikdə isə hələ Sovet dövründə Misirdə Azərbaycan mədəniyyət günlərinin keçirildiyini xatırladan səfir, 2011-ci il üzrə intensiv mədəniyyət proqramlarının nəzərdə tutulmasına baxmayaraq, Misirdə baş vermiş siyasi hadisələrlə əlaqədar olaraq, onların bir qisminin təxirə salındığını, amma mütləq qarşıdan gələn illərdə təşkil olunacağını bildirib.