...

Azərbaycan tələbələri arasında "Vergilər" mövzusunda bilik müsabiqəsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Çərşənbə günü Azərbaycan Dövlət İqtisad Universitetində 9 ali məktəbi (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası, Qafqaz Universiteti, Qərb Universiteti) təmsil edən tələbələr arasında "Vergilər" mövzusunda bilik müsabiqəsi keçirilib.

Vergilər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqə elektron formada müvafiq proqram təminatından istifadə etməklə aparılıb.

Müsabiqə iştirakçıları Vergilər Nazirliyinin Tədris Mərkəzinin müvafiq test bazası əsasında hazırlanan sualları cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib.

Tələbələr arasında I və II yerlərə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Sənan Yusifov və Elvin Şahbazov, III yerə isə Azərbaycan Universitetinin tələbəsi Nəsimi Yusifov layiq görülüb.

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti