...

Azərbaycan və İsveçrə iqtisadi əlaqələrin yaxşılaşdırılmasını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2011 13:52 (UTC +04:00)
Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında cümə axşamı Bakıda keçirilən Ticari-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın beşinci iclasının yekunlarına dair protokol imzalanıb.
Azərbaycan və İsveçrə iqtisadi əlaqələrin yaxşılaşdırılmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında cümə axşamı Bakıda keçirilən Ticari-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın beşinci iclasının yekunlarına dair protokol imzalanıb.

Protokolu Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev və İsveçrə tərəfdən isə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin idarə heyətinin üzvü Erik Martin imzalayıb.

"İclas çərçivəsində ölkələr arasında iqtisadi əməkdaşlığın yaxşılaşdırılması yolları müzakirə olunub", - cümə axşamı jurnalistlərə hökumətlərarası komissiyanın həmsədri Erik Martin bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin yekunları üzrə ölkələr arasında mal dövriyyəsi bir milyard İsveçrə frankı təşkil edib ki, bu da 900 milyon avrodur. Azərbaycan İsveçrəyə əsasən enerji kompleksi məhsulları ixrac edir. İsveçrədən isə Azərbaycana müxtəlif avadanlıqlar və ən yeni texnologiyalar tədarük edilir.

"Azərbaycanda İsveçrə investisiyalarının ən mühüm nümunəsi bu gün "Holcim" şirkəti tərəfindən Qaradagh sement zavoduna qoyulan investisiyalardır. Onlar yeni sobanın tikintisi üçün 300 milyon avro məbləğində həyata keçirilir", - Martin deyib.

Bununla yanaşı, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi - SECO Azərbaycanda 25 layihə həyata keçirib, 12 layihənin həyata keçirilməsi isə davam edir.

"Hökumətlərarası komissiyanın iclasının yekunları üzrə imzalanmış protokolda Azərbaycan üçün vacib olan enerji effektivliyi sahəsində əməkdaşlıq nəzərdə tutulub və bu məqsədlə Azərbaycandan olan ekspertlər İsveçrəyə səfər edəcək, orada bu sahədə İsveçrənin təcrübəsi ilə tanış olacaqlar", - Martin bildirib.

Protokol sənaye, energetika, ticarət, investisiya yatırımları, kənd təsərrüfatı, maliyyə və bank işi, mədəniyyət və turizm sahələrində əməkdaşlığı da nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti