...

"AtaBank" nağdsız hesablaşmaların stimullaşdırılması üçün kampaniya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2011 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"AtaBank" ASC "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası keçirməyə başlayır. Ani stimullaşdırıcı lotereya 30 dekabr 2012-ci il tarixinədək davam edəcəkdir.

Ani stimullaşdırıcı lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə ən az 50 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminalları vasitəsilə nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq növbəti təqvim ayının sonuncu iş günündən gec olmayaraq bankın istənilən filial və ya şöbəsinə şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə müraciət etməlidir.

Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 50 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Plastik kart istifadəçisi ani stimullaşdırıcı lotereya kuponunu təhvil alaraq xüsusi zolağını pozur. Kupon uduşludursa, kart istifadəçisi kuponu əməliyyatçıya təqdim edərək, müvafiq qeydləri aparılır və kart istifadəçisi məxaric orderi ilə xəzinəyə yaxınlaşaraq uduş məbləğini alır.

Qeyd edək ki, kampaniyada iştirak edən kuponların 1001 ədədi uduşludur və maksimal uduş məbləği 1000 manat təşkil edir.

Əlavə edək ki, kampaniyanın keçirilməsində əsas məqsəd bank əməliyyatlarının həcmini artirmaqla yanaşi ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri surətləndirməkdir. Həmçinin POS-terminallar üzrə dövriyyənin artırılması, əlavə ticarət, ictimai-iaşə və ya xidmət obyektlərinin aktiv əməkdaşlığa cəlb edilməsi müsbət təsir göstərəcəkdir.
Ani stimullaşdırıcı lotereyanın şərtləri və uduşlar haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində və kütləvi informasiya vasitələrində (TV, Radio kanalları və mətbu nəşrlər) işiqlandırılacaq.

Xəbər lenti

Xəbər lenti