Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə investisiya fondlarının fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına görə cərimə sanksiyalarının məbləğinin müəyyən edilməsi üçün əlavələr edilib.
Əlavələrə görə, investisiya fondlarının fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslərə 1000 manatdan 1200 manatadək, hüquqi şəxslərə 10 mindən 12 min manatadək cərimələr tətbiq ediləcək.
Əlavələr çərşənbə günü, dekabrın 28-də dərc edildiyi andan qüvvəyə minib.
Azərbaycan Parlamenti QKDK tərəfindən hazırlanan "İnvestisiya fondları haqqında" qanunu 2010-cu il oktyabrın 22-də qəbul edib.
Yeni qanunun hazırlanması 1999-cu ildə qəbul edilən "İnvestisiya fondları haqqında" qanunun müasir tələblərə cavab verməməsi ilə əlaqədar olub.
Belə qanunun qəbul edilməsi bazarda təklifləri genişləndirməyə imkan verir. Belə ki, investisiya fondları yeni alətlərin yaranmasını stimullaşdıracaq, əməliyyatların həcmi genişlənəcək və iştirakçılar üçün daha əlverişli şərait yaradılacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə investisiya fondlarının fəaliyyətinə icazə verilməsi üzrə rəsmi müraciət daxil olmayıb.
Bundan əvvəl fəaliyyət 1999-cu ildə qəbul edilən "İnvestisiya fondları haqqında" qanunla tənzimlənirdi.
Azərbaycanda 1999-cu ildən investisiya fondları yaradılmır. Bu da bu sahədə qanunvericiliyin mükəmməl olmaması ilə əlaqədar idi.
Dekabrın 28-nə rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.