Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir N.İsmayılova/
2011-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli qaydada maliyyəşdirdiyi investisiya layihələrinin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Ötən il fond tərəfindən 138 milyon manat güzəştli kredit verilib, 1643 sahibkar bu imkandan yararlanıb. Verilmiş kreditlərin 25 faizini dövlət büdcəsindən ayırmalar, 75 faizini isə geri qaytarılan vəsaitlər təşkil edib. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin icrası 65 minədək yeni iş yerinin açılmasına imkan yaradır.
2011-ci ildə Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan 162 məcburi köçkünə 5,9 milyon manat güzəştli kredit ayrılıb.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il verilmiş güzəştli kreditlərin 118 milyon manatı yeni texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur layihəsinin icrasına yönəldilib. Güzəştli kreditlərdən istifadə olunmaqla, 2011-ci ildə 33 infrastruktur, istehsal və emal müəssisəsi fəaliyyətə başlayıb. Bu il daha 96 belə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.
Ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 12,5 mindən çox sahibkara 720 milyon manatadək güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin icrası 95 min yeni iş yerinin açılmasına imkan yaradır.
SKMF 1992-ci ildə yaradılıb.
Yanvarın 6-na rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.