Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Azərbaycanda dövlət əmlakının idarə edilməsi sahəsində Koreya təcrübəsi öyrənilir.
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 10-11-də Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyinin Xəzinədarlıq Bürosunun Hökumət əmlakı siyasəti idarəsinin direktoru Kim Geum-nam, həmin idarənin direktor müavini Jang Hyeon-jung, habelə Koreya Aktivlərin İdarə edilməsi Korporasiyasının (KAMCO) meneceri Kim Dong-hyun və onun müavini Yang Dong-geun təmsil etdiyi nümayəndə heyəti Bakıda səfərdə olublar.
Koreya nümayəndə heyətinin səfəri çərçivəsində komitənin əməkdaşları üçün dövlət əmlakının idarə edilməsi sahəsində Koreya Respublikasının təcrübəsinə həsr edilmiş seminar təşkil edilib. Tədbirdə komitənin Mərkəzi aparatının və strukturuna daxil olan qurumların əməkdaşları iştirak ediblər.
Seminarda Koreya Respublikasının müvafiq qurumlarının əməkdaşları təqdimatlarla çıxış ediblər. Tədbir çərçivəsində dövlət əmlakının idarə edilməsi sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində görülən işlərlə bağlı Koreya təcrübəsi öyrənilib.
Seminarın gedişində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi üzrə Koreya Respublikasında toplanılmış təcrübənin Azərbaycanda istifadəsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ölkəmizə səfər etmiş nümayəndələrlə Əmlak Məsələləri Dövlət Komitəsində müvafiq istiqamətdə əməkdaşlıq əlaqələrinin gələcəkdə inkişaf etdirilməsi məsələləri müzakirə edilib.