...

Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2012 18:15 (UTC +04:00)
Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb.
Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 31 ünvanında Müşfiq Ağamuradova məxsus mağazada aparılan yoxlama zamanı, mağaza tərəfindən "Açılışa özel 50% indirim", "4 ədəd alana 4 ədəd hədiyyə" kimi qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

"Belə ki, yeni fəaliyyətə başlayan bu mağazada malların ilkin satış qiymətləri istehlakçılara endirimli qiymətlər kimi təqdim edilir, reallıqda isə mağazada satılan mallara heç bir endirim tətbiq olunmurdu. Həmçinin, yayımlanan reklamda 4 hədiyyənin nədən ibarət olduğu öz əksini tapmayıb", - məlumatda deyilir.

Bununla yanaşı, mağazanın ön tərəfində türk dilində "Türkiyenin en büyük Perakende Mağazası" və "MOL" sözləri yazılmış reklamda qanunvericiliyin tələblərinə əməl olunmadan "ən" terminindən istifadə olunduğu, habelə reklamın mətninin dövlət dilindən istifadə normalarına uyğun tərtib edilmədiyi aşkar olunub. Reklamda verilən məlumatların Türkiyənin "Mol" mağazalar qrupuna aid olduğu, lakin Müşfiq Ağamuradova məxsus mağazanın həmin mağazalar qrupu ilə əlaqəsini təsdiq edən heç bir sənədin olmadığı, bu addan qeyri-qanuni istifadə edildiyi və bu cür reklamın yayımlanması yolu ilə istehlakçıların çaşdırıldığı müəyyən edilib.

Aşkar olunan faktlarla əlaqədar, qanunvericiliyin tələblərinə zidd reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən Müşfiq Ağamuradova göstəriş verilib və onun barəsində antiinhisar qanunvericiliyin pozulması haqqında iş qaldırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti