Azərbaycan, Bakı, 18 yanvar /Trend/
2011-ci ilin yekunları üzrə Azərbaycan bankı "Texnika Bank"ın aktivləri il ərzində 24,4 faiz artaraq 629,3 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.
Aktivlər üzrə gəlirlilik (ROA) bir faiz, kapital üzrə isə (ROE) - 7,65 faiz olub.
"Ötən il ərzində strateji inkişaf planına uyğun olaraq bankın fəaliyyətində bir sıra kəmiyyət və keyfiyyət dəyişiklikləri sahəsində dinamik artım müşahidə olunub. Bu gün o əsas bank göstəriciləri üzrə ilk beşliyə daxildir", - məlumatda deyilir.
Bankın məcmu kapitalı 54,2% artaraq 99,1 milyon manat, nizamnamə kapitalı isə 20, 6% artaraq 64, 8 milyon manat təşkil edib.
Hesabat dövründə bankın kredit portfeli 19,4%, depozit portfeli isə 32,4% artıb və müvafiq olaraq kredit portfeli 434,9 milyon manat, depozit portfeli isə 338,7 milyon manat həcmində olub.
İl ərzində bankin emissiya edilmiş plastik kartlarının sayı 49 106 ədəddən 63 380 ədədə, bankomatlarının sayı isə 60 ədəddən 102 ədədə çatdırılıb. Bankın POS-terminalların sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Ötən ilin müvafiq dövründə POS-terminalların sayı 115, hesabat dövrünün sonunda isə 1253 ədəd təşkil edib.
"Texnikabank" ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşıb. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial və 19 şöbəsi, eyni zamanda ölkə hüdudlarından kənarda, Türkiyənin İstanbul şəhərində nümayəndəliyi istifadəyə verilib. Hazırda "Texnikabank" özünün 734 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.
"Texnikabank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir.
Yanvarın 18-nə rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.